EN

Azərbaycanda ərzağın qiyməti artdı - BU SƏBƏBDƏN

Son günlərdə mağazalardakı qiymətlər dodaq uçuqladır. Yumurtanın qiymətindən tut, piştaxtada istənilən ərzaq məhsullarının qiymətində artım müşahidə olunur.  Əvvəllər 12-13 qəpiyə satılan yumurtanın bir neçə gündür 17-18 qəpiyə təklif olunduğu barədə iddialar tənqidlə qarşılanıb. Gündəlik tələbat mallarının davamlı bahalaşdığı isə diqqətdən yayınmır. Bu isə vətəndaşların maddi vəziyyətinə olduqca mənfi təsir göstərir.

Ərzaqlarda artıma əsas səbəb nədir? Bahalaşmanı nə ilə izah etmək olar?

Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda ərzaq qiymətləri həmişə Yeni il və Novruz bayramı qabağı ənənəvi olaraq qalxır, qiymətlər bahalaşır: 

“Bu il də istisna deyil. Rəsmi rəqəmlər də göstərir ki, oktyabr-noyabr aylarında inflyasiya nəzərə çarpacaq qədər sürətlənib. Bunun səbəbləri dərindir və həddindən artıq çoxdur. Bunun yerli istehsalın azlığından tutmuş, bazarın xaricdən asılı olmasına qədər izahı var”. 

N.Cəfərli deyir ki, quşçuluqda, yumurta sənayesində yerli məhsullar olsa belə, dərmanlar, vitaminlər, yem qarışıqları xaricdən gətirilir. Loqostika bahadır, yol xərcləri çoxdur, qiymətlər dəyişir. Belə olduqda Azərbaycandakı daxili bazarlarda qiymət artır:

“Bir neçə ay bundan öncə Rusiya bazarı ilə əməkdaşlıq başladıldı. Rusiyada yumurta çatışmazlığı var idi. Azərbaycan ixracatçıları Rusiya bazarına maraq göstərməyə başladı. Çünki məhsullar orda daha bahadı. Bunun da qiymət artımına təsiri qaçınılmazdı”.

Digər müsahibimiz Elşad Məmmədov isə deyir ki, daxili bazarda qiymətlərin artımını formalaşdıran bir neçə səbəb var və bu səbəblər müxtəlifdir:

“Ölkədə kredit resurslarına çıxış imkanlarının məhdudluğu faktiki olaraq idxalın stimullaşdırılması deməkdir. İdxalı stimullaşdıraraq idxalın iflyasiyasına şərait yaradırıq. Biz idxal infilyasiyası vasitəsi ilə ölkənin daxili bazarında qiymətlərin artımı ilə üz üzə qalırıq”. 

E.Məmmədov deyir ki, digər amil ticarət şəbəkələrindəki inhisarçılıq meyillərdir və bu da qiymət artımına şərait yaradır: “Biz istehsalçıların istehlak bazarına çıxış imkanlarını genişləndirməliyik ki, ticarət şəbəkələrindəki inhisarçılıq həmin çıxış imkanlarına məhdudiyyət yaratmasın. Bazarda məhsul təklifinə biz təkan verməliyik ki, məhsul çox olsun ki, qiymətlərin sabitləşməsinə şərait yaradılsın”.

Ekspertin fikrincə, yerli məhsulların istehsalında belə idxal payının çox olması amili var. Gübrə təsərrüfatları, heyvandarlıq sektorunda istifadə olunan müvafiq qidalar və qida əlavələri xeyli dərəcədə çox idxal olunub. Bu da qiymət artımına səbəb olur.

Chosen
39
6
operativmm.az

7Sources