Braziliya Federal Məhkəməsi Hind Rəcəb Vəqfinin (HRF) cinayət şikayəti əsasında ölkəyə turizm məqsədilə səfər edən İsrail əsgərinin araşdırılmasına qərar verib.
"Cebheinfo.az" xəbər verir ki, HRF-nin internet saytında verilən açıqlamaya görə, bir həftə əvvəl Braziliyaya turist kimi gələn İsrail əsgəri üçün fondun etdiyi cinayət şikayəti ilə bağlı Braziliya hökuməti hərəkətə keçib.
Məhkəmə polisə adı açıqlanmayan İsrail əsgərinə qarşı istintaqa başlamaq üçün "təcili göstəriş" verib.
Federal Məhkəmə Braziliya Cinayət Prosessual Məcəlləsinin 88-ci maddəsinə istinad edərək, polisdən prokurorun tələb etdiyi istintaq tədbirləri çərçivəsində təcili tədbirlər görməsini xahiş edib.
HRF-nin cinayət işi üzrə şikayətində bu hərəkətlərin daha geniş səylərin bir hissəsi olduğu və beynəlxalq hüquqa əsasən “soyqırım və insanlığa qarşı cinayətlər” təşkil edildiyi bildirilib.
Qeyd edilib ki, cinayət şikayəti çərçivəsində təqdim edilən dəlillər arasında sözügedən İsrail əsgərinin partlayıcıları şəxsən yerləşdirdiyini və Qəzzada məhəllələrin dağıdılmasında iştirak etdiyini göstərən video görüntülər, geolokasiya məlumatları, fotoşəkillər var.