EN

İstedad və İnnovasiyanın Hüdudları: QHT sədri Qubad Qasımovla MÜSAHİBƏ

Fiziki məhdudiyyətlər insan potensialını məhdudlaşdıra bilməz. Bu inamla fəaliyyət göstərən "İstedadlı Əlillər" İctimai Birliyi uzun illərdir ki, fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq potensialını üzə çıxarmaq, onları cəmiyyətə inteqrasiya etmək və sosial aktivliyini artırmaq məqsədilə bir çox layihələr həyata keçirir. QHT.az olaraq birliyin sədri Qubad Qasımovla bu il üçün planlaşdırılan layihələr, görülən işlər və gələcək hədəflər haqqında MÜSAHİBƏ aldıq.

 

QHT.az: İstedadlı Əlillər İctimai Birliyi olaraq bu il ərzində hansı yeni layihələrin həyata keçirilməsini planlaşdırırsınız?

Qubad Qasımov: "İstedadlı Əlillər" İctimai Birliyi olaraq bu il də fəaliyyətimizi fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına, yaradıcılıq potensiallarının üzə çıxarılmasına və məşğulluq imkanlarının artırılmasına yönəldəcəyik. Əsas diqqət bölgələrdə yaşayan fiziki məhdudiyyətli şəxslərə yönəlib. 2025-ci ildə bu qrup insanlar üçün müsabiqələr, konsertlər, sərgilər təşkil etməyi, onların yaradıcılıq məhsullarını tanıtmağı və maddi ehtiyaclarını ödəmə imkanlarını artırmağı hədəfləmişik.

 

QHT.az: İstedadlı əlillərin cəmiyyətə inteqrasiyası ilə bağlı hansı təşəbbüslər planlaşdırılır?

Qubad Qasımov: Əsas məqsədimiz fiziki məhdudiyyətli şəxslərin sosial aktivliyini təmin etmək, onların bilik və bacarıqlarını inkişaf etdirmək, cəmiyyətin fəal üzvünə çevrilmələrinə şərait yaratmaqdır. Həmçinin, onların istedadlarının dəyərləndirilməsi və dövlət mükafatlarına layiq görülməsi istiqamətində təşəbbüslərimiz olacaq.

 

QHT.az: Əlilliyi olan şəxslərin təhsili və məşğulluğu istiqamətində hansı tədbirləri görməyi düşünürsünüz?

Qubad Qasımov: Son üç ildə biz əlilliyi olan şəxslərin məşğulluğu və özünüməşğulluq imkanlarının artırılması məqsədilə çoxsaylı tədbirlər keçirmişik. Bu tədbirlər nəticəsində 120 nəfər özünüməşğulluq proqramından yararlanaraq ailə biznesini qurub, 16 nəfər işlə təmin olunub, 27 nəfər peşə kurslarına qatılıb, 5 nəfər isə Azərbaycan Milli Konservatoriyasına qəbul olunub. 2025-ci ildə də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

 

QHT.az: Beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində yeniliklər varmı?

Qubad Qasımov: 2023-cü ildə biz Əlil Təşkilatlar İttifaqının dəstəyi ilə təlimlərə qatıldıq və BMT-nin ali komissarlığına əlilliyi olan şəxslərin məşğulluğu ilə bağlı alternativ hesabat təqdim etdik. Eyni zamanda, COB29 beynəlxalq tədbirində bir çox xarici əlil təşkilat rəhbərləri ilə əməkdaşlıq əlaqələri qurduq. 2019-cu ildə isə təşkilatımız Gürcüstanda keçirilən "İVERİA DIAMOND" beynəlxalq yarışmasında iştirak edərək birinci yerə layiq görülüb və Qran-Prini Azərbaycana gətirmişik.

 

QHT.az: 2025-ci ildə əsas diqqət hansı istiqamətlərə yönələcək?

Qubad Qasımov: 2025-ci ildə əsas məqsədimiz fiziki məhdudiyyətli şəxslərin sosial aktivliyini təmin etmək, onları Azərbaycan Ablimpiya Federasiyasına yönəltmək, əl işlərinin hazırlanması üzrə təlimlər keçmək və beynəlxalq peşə yarışlarında iştiraklarını təmin etməkdir. Bu tədbirlər onların cəmiyyətə daha sıx inteqrasiyasına və yaradıcılıq potensiallarının tam reallaşdırılmasına imkan yaradacaq.

 

QHT.az: Təşkilatınızın bu sahədə göstərdiyi səylər böyük əhəmiyyət kəsb edir. Təşəkkür edirik və uğurlar arzulayırıq!

Qubad Qasımov: Mən də sizə təşəkkür edirəm! "İstedadlı Əlillər" İctimai Birliyi hər zaman fiziki məhdudiyyətli şəxslərin inkişafı və cəmiyyətə inteqrasiyası üçün çalışacaq.

 

Pərvanə Fərhadqızı

QHT.az

Chosen
20
qht.az

1Sources