Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gəncə şəhəri, Nizami və Kəpəz bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Gəncə şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Bayram Aslanov bildirib ki, xalqın etimadını layiqincə doğruldan Yeni Azərbaycan Partiyası növbəti seçkilərə də böyük qələbə əzmi ilə qatılıb. O, seçkilərin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə Prezident İlham Əliyevin Azərbaycan xalqının firavan gələcəyinə xidmət edən uzaqgörən siyasətinin təməlində xalq-iqtidar birliyinin dayandığını vurğulayıb. Ölkəmizin qazandığı nailiyyətlərdən bəhs edən millət vəkili qarşıda milli prioritetlərdən irəli gələn mühüm vəzifələrin dayandığını diqqətə çatdırıb.
Tədbirdə seçki qərargahının üzvü Mehman Rzayev və bələdiyyə üzvlüyünə namizəd Zümrüd Qəhrəmanova görüş iştirakçılarını seçkilərdə fəal iştirak edərək Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.