EN

Müəllim və şagirdlərin səhvinə görə direktor cəzalandırılmalıdır?

Məktəbdə olan bütün neqativ hadisələr zamanı - şagird şagirdi döyəndə də, müəllimlər dalaşanda da, hətta məktəbdən kənar şagirdlər arasında mənfi hal olanda belə direktor cəzalandırılır. O, ən yaxşı halda töhmət alır, ən pis halda isə işdən azad olunur.

 

Bəs görəsən, bu niyə belədir? Direktor hər hadisədən məsuliyyət daşımalıdırmı?

 

Təhsilin idarə olunması üzrə mütəxəssis Qoşqar Məhərrəmov AzEdu.az-a açıqlamasında bildirib ki, direktor da, müəllim də məsuliyyətlərini yerinə yetirdiyi halda şagird hər hansısa nöqsan törədirsə, burada məktəb direktorunu işdən uzaqlaşdırmaq, ya da müəllimi günahlandırmaq düzgün deyil:

 

“Hüququn universal prinsiplərinə əsasən, hər kəs öz səlahiyyətləri çərçivəsində törətdiyi nöqsanlara görə məsuliyyət daşıyır. Məktəb direktoru, məktəbdə baş verən bütün hadisələrə görə məsul şəxsdir. Lakin direktor bütün vəzifələrini layiqincə yerinə yetirdiyi halda məktəbdə hər hansısa nöqsanlar baş verirsə, bu halda nöqsan törədən şəxs müqəssir sayılır və məsuliyyətə o cəlb olunur.

 

Əgər direktor və müəllim öz vəzifələrini lazımi qaydada icra edirsə, lakin şagird hər hansısa nöqsan törədərsə, bu halda nə məktəb direktorunu işdən uzaqlaşdırmaq, nə də müəllimi günahlandırmaq doğru yanaşma deyil. Ancaq əgər zəncirvari xətalar mövcuddursa, direktor problemi vaxtında həll etmirsə və şagirdin etdiyi nöqsanlara müdaxilə olunmursa, həmçinin müəllim də təhsilalanın davranışlarına düzəliş etmirsə, bu halda hər bir tərəf öz məsuliyyətini daşımalıdır”.

 

Məktəb direktoru açıqlama verilmədən işdən uzaqlaşdırılırsa, cəmiyyətdə belə bir fikir yaranır ki, şagird xəta etdi, müəllim onu vurdu, nəticədə isə direktor işdən uzaqlaşdırıldı”,-deyə müsahibimiz qeyd edib:

 

“Qərb təcrübəsində hər hansısa konfilikt olduğu zaman tədqiqat aparılır, hadisənin necə baş verdiyi detalları ilə öyrənilib, sonra qərar verilir. Bəlkə də Azərbaycanda da bu təcrübədən istifadə olunur, amma medyada “Məktəb direktoru işdən azad olunub”, adı altında xəbərlər paylaşılır. Bu çox yalnışdır. Əgər məktəb direktoru açıqlama verilmədən uzaqlaşdırılırsa, cəmiyyətdə belə bir fikir yaranır ki, şagird xəta etdi, müəllim onu vurdu, nəticədə isə direktor işdən uzaqlaşdırıldı. Bu müəllimi, eləcə də direktoru şagirdin “ayağına vermək” deməkdir.

 

Heç bir məsuliyyətsizlik bir adamla əlaqəli deyil. Onun ətrafındakı vəziyyət araşdırılmalıdır, amma bu o demək deyil ki, məktəbdə baş verən bütün hadisələrə görə direktor işdən çıxarılmalıdır, hətta onun birbaşa əlaqəsi olmasa belə. Bu qəti yalnışdır.

 

Əgər biz kimisə kiminsə səhvlərinə görə cəzalandırsaq, nəticədə idarəolunmaz bir vəziyyət yaranacaq (bəlkə də artıq yaranıb…). Şagirdlər düşünəcəklər ki, onsuz da kimsə onlara: "gözün üstə qaşın var",- desə, o işdən çıxarılacaq. Bu isə onların daha da əxlaqsız davranışlar sərgiləməsinə səbəb olacaq, mənfi davranışlar artacaq və vəziyyət nəzarətdən çıxacaq.

 

Mütləq və mütləq şagird də mənfi davranışının nəticəsini görməlidir. Bu müddətli uzaqlaşdırma, məktəbdə saxlama, valideynləri çağırıb onlarla danışıqlar aparıb, izahat yazdırmaq, eləcə də davranış haqqında şagirdə kontrakt və ya saziş yazdırmaq olar.

 

Nazirlik tərəfindən hazırlanmış nizam-intizam qaydaları şagirdin davranışları ilə müqayisə olunmalıdır. Əgər bütün humanist yollara rəğmən, şagird hələ də deviant davranış göstərsə, o zaman məktəbdən uzaqlaşdırılmalıdır”.

Chosen
45
azedu.az

1Sources