EN

Yuri Matias: “Baş məşqçimizin əsas tələbi fiziki hazırlıqla bağlıdır”

“Neftçi”nin mərkəz müdafiəçisi Yuri Matias paytaxt təmsilçisinin mövsümün qalan hissəsinə hazırlıq prosesini dəyərləndirib.

Arena.az xəbər verir ki, braziliyalı futbolçu klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Bildiyiniz kimi, yanvarın 3-dən təlim-məşq toplanışındayıq. Komanda bir araya gəlib. Çox gözəl hazırlıq prosesi keçirik. Komandada əhval-ruhiyyə yaxşıdır. Baş məşqçinin bizdən tələbləri daha çox fiziki cəhətdən lazımi formada olmağımızdır. Ümumi baxanda, futbolçular bir-birinə daha da adaptasiya olur. Bir-birimizlə zarafatlaşırıq. Atmosfer əladır”.

29 yaşlı müdafiəçi təlim-məşq toplanışının ona və komanda yoldaşlarına yaxşı təsir etdiyini bildirib: “Əlbəttə ki, burada keçirdiyimiz məşqlər bizə yaxşı təsir edir. Təkcə fiziki cəhətdən yox, mental baxımdan da. Çünki futbolçular daha çox birlikdə vaxt keçirirlər. Bir-birimizi daha yaxından tanımağa başlayırıq. Bu məqamlar bizə oyunlarda kömək olacaq. Hər birimiz əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, müsbət nəticələr qazanaq”.

Yuri Matias Azərbaycan Premyer Liqasının 19-cu turunda “Sabah”a qarşı keçirəcəkləri matç barədə də danışıb: “Qarşıda bizi “Sabah”la oyun gözləyir. Bu matça çox yaxşı hazırlaşırıq. Düşünürəm ki, bu oyuna tam hazır olacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, braziliyalı futbolçu cari mövsümdə 16 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

“Neftçi” qış təlim-məşq toplanışına yanvarın 3-də start verib. Ardıcıl 3 gün “Neftçi” Futbol Mərkəzində hazırlaşan “ağ-qaralar” ayın 6-dan etibarən toplanışı Qəbələdə davam etdirirlər.

Chosen
25
2
arena.az

4Sources