EN

Sərhəddən mühüm xəbər var: Ermənistan vəziyyəti dəyişdi, Azərbaycan ordusu... - DETALLAR

Bundan əlavə, Ermənistanın Naxçıvan istiqamətində yeni mühəndis-istehkam işləri apardığı ortaya çıxıb. Ermənistan silahlı qüvvələri burada bunker və beton tipli istehkamlar tikməklə yanaşı, təminat yolları və əlaqə xətləri də qurub. Əvvəllər şərti sərhəd boyu aparılan bu işlər artıq Naxçıvan istiqamətində də genişlənib.

Prezident İlham Əliyev dünən Ermənistanın bu cür silahlanma addımlarını yeni gərginliyə səbəb olacaq təxribat kimi qiymətləndirib. Ermənilərin hərbi təxribatlarının davam etməsi bölgədəki təhlükəsizliyi yenidən təhdid altına alır.

Məsələni Ajans.az-a şərh edən politoloq Turab Rzayev bildirib ki, hazırkı mərhələdə Ermənistan ordusunun Azərbaycanla hərbi rəqabət aparmaq imkanı yoxdur:

"Hər nə qədər fərqli ölkələrdən silah alınsa, ordunun yenidən qurulmasına cəhd edilsə də, Ermənistan ordusu uzun müddət Azərbaycan ordusuna qarşı müqavimət göstərə biləcək gücdə deyil. Bu kimi təxribatlar yalnız Ermənistanın özünə ziyan vurur və təəssüf doğurur."

Politoloqun fikrincə, Ermənistan bu təxribatlarla xaricdən kömək gözləsə də, real vəziyyət gözləntiləri doğrultmayacaq. Rusiya, İran və digər potensial müttəfiqlər Ermənistanın yardım çağırışlarına cavab verə biləcək mövqedə deyil:

"İranın özündə mövcud geosiyasi təzyiqlər, xüsusən ABŞ və İsrailin planları, Tehranın Ermənistana arzuladığı dəstəyi verə bilməsini məhdudlaşdırır. Ukrayna müharibəsinə cəlb olunan Rusiya hazırda Ermənistanın hərbi təxribatlarına dəstək verməkdə çətinlik çəkir. Bu da Ermənistanı köməksiz vəziyyətdə qoyur".

Rzayev hesab edir ki, bu təxribatların əsas motivlərindən biri Ermənistan daxilində gərginliyin artırılmasında maraqlı olan qüvvələrdir. Xüsusilə Ermənistan ordusunda və qərargahında Rusiyaya bağlı qrupların bu addımlarda əli ola bilər:

"Bu təxribatların arxasında Paşinyan hakimiyyətinin xaricdən dəstək ala bilməyəcəyini görən müəyyən qüvvələrin olması mümkündür. Eyni zamanda, Azərbaycanla eskalasiya istəyən, münaqişəni yenidən qızışdırmağa çalışan maraqlı dairələr də var. Hazırkı vəziyyətdə Ermənistan nə hərbi, nə də diplomatik cəhətdən üstünlük əldə edə bilər. Əksinə, bu təxribatlar onun beynəlxalq nüfuzuna zərbə vuracaq və Azərbaycan tərəfindən sərt cavab görəcək."

Turab Rzayev

Turab Rzayev vurğulayıb ki, Ermənistanın belə addımları yalnız regional sabitliyi pozmaqla yanaşı, onun öz mövqelərinin zəifləməsinə səbəb olur. Azərbaycan isə belə təxribatlara qarşı həmişə hazırlıqlıdır və öz sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirləri görməkdə davam edəcək.

Bölgədə sülh və sabitlik yalnız qarşılıqlı hörmət və beynəlxalq hüquqa uyğun davranışla mümkün olacaq. Ermənistanın təxribat xarakterli addımları isə bu məqsədə xidmət etmir və gərginliyi artırmaqdan başqa heç bir nəticə vermir.

Chosen
25
50
Ajans.az

10Sources