EN

Vaqif Cavadov “Sumqayıt”la yeni müqavilə bağladı - Rəsmi

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov bu postdakı fəaliyyətini davam etdirəcək.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, gənc mütəxəssislə müqavilənin müddəti artırılıb. Belə ki, klubun Müşahidə Şurasının növbəti iclasında 35 yaşlı mütəxəssislə yola davam etmək qərarı alınıb. Toplantıda komandanın ötən ildə əldə etdiyi uğurlara toxunulub. Daha sonra hazırda komandanın müvəqqəti baş məşqçisi funksiyasını icra edən Vaqif Cavadovun işi qənaətbəxş hesab olunub və onunla daimi əsaslı müqavilə bağlanılması məqsədəuyğun hesab edilib. Cavadov “gənclik şəhəri” təmsilçisi ilə 2,5 illik müqaviləyə imza atıb.

Xatırladaq ki, Vaqif Cavadov ötən ilin oktyabr ayında Samir Abasovun istefasından sonra “Sumqayıt”a müvəqqəti baş məşqçi təyin edilmişdi. Həmin vaxta kimi bu klubun əvəzedicilərinə rəhbərlik edən Cavadov əsas komandanı indiyə qədər 10 oyuna çıxarıb. “Sumqayıt” bu görüşlərdə 5 qələbə qazanıb, 1 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb.

Cavadov 2023-cü ilin aprel ayında “Sumqayıt”ın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi təyin olunmuşdu. O, futbolçu karyerası dövründə də bir mövsüm “Sumqayıt”ın şərəfini qoruyub.

“Sumqayıt”ın əsas komandası Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün geridə qalmış ilk iki dövrəsini 20 xalla 6-cı pillədə başa vurub. Cavadovun komandası keçirdiyi 18 oyunda 6 qələbə qazanıb, 2 heç-heçə edib, 10 məğlubiyyətə üzülüb. Komandanın top fərqi isə belədir – 15:26.

Chosen
31
50
arena.az

10Sources