Türkiyənin xarici işlər naziri Hakan Fidan 12 yanvarda Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Suriya ilə bağlı keçiriləcək iclasda iştirak edəcək.
Senzor.az bildirir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Diplomatik mənbələrdən alınan məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi rəhbərinin də qatılacağı Suriya ilə bağlı görüş 14 dekabr 2024-cü il tarixində İordaniyanın Əqabə şəhərində keçirilən danışıqların davamıdır.
İclasın əsas gündəmi Suriyada sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün atılması lazım olan addımlar olacaq.
Türkiyənin xarici işlər nazirinin Suriyanın yeni administrasiyası ilə ölkənin sabitliyi məsələsində iştirak və təşviq əsasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayacağı gözlənilir.
Bundan əlavə, Hakan Fidanın Suriyanın ərazi bütövlüyü və birliyi prinsipinə diqqət çəkəcəyi və ölkədəki mövcud vəziyyətdən istifadə etməyə cəhd edə biləcək separatçı terror təşkilatına qarşı bütün lazımi tədbirlərin görüləcəyini bir daha təsdiqləməsi gözlənilir.
Türkiyənin xarici işlər naziri, həmçinin Suriyanın yenidən qurulması üçün sistemli və ardıcıl addımların atılmasının vacibliyinə diqqət çəkəcək və ölkə iqtisadiyyatının kritik sektorlarında məhdudlaşdırıcı sanksiyalardan azadlığın genişləndirilməsi məsələsinə toxunacaq.