Braziliya prezidenti Luiz İnasio Lula da Silva ibtidai və orta məktəblərdə mobil telefondan istifadəni qadağan edən qanunu imzalayıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra həm dərslərdə, həm də fasilələrdə mobil telefondan istifadə qadağan olunacaq.
Lula da Silva məsələ ilə bağlı açıqlamasında qanunun tamamilə zəruri olduğunu və oxşar təcrübələrin başqa ölkələrdə də həyata keçirildiyini bildirib.
O, vəzifəyə gəldiyi gündən bəri keçirdiyi görüşlərdə nazirləri və digər rəsmiləri telefondan istifadə etməmələri ilə bağlı xəbərdar etdiyini bildirib və cib telefonlarının diqqəti yayındırdığını vurğulayıb.
Yeni qanuna əsasən, məktəblərdə mobil telefonlardan yalnız pedaqoji məqsədlər üçün və müəllimlərin nəzarəti altında istifadə oluna bilər.
Locomotiva İnstitutu və QuestionPro tərəfindən 2024-cü ilin oktyabr ayında keçirilən sorğuya əsasən, braziliyalı valideynlərin 82 faizi məktəblərdə mobil telefonların qadağan edilməsini dəstəkləyir.
Qeyd edək ki, uşaq və gənclərin sağlamlığına, təhsilinə mənfi təsirləri nəzərə alınaraq, ibtidai, həmçinin orta məktəblərdə cib telefonlarından istifadəni qadağan edən tənzimləmə 20 dekabr 2024-cü il tarixində Konqres tərəfindən qəbul edilb.