EN

Deputatın “xərçəng”dən qidalanan biznesi...

Deputat Kəmaləddin Qafarovun özünün və ailə üzvlərinin qeydiyyatda olduğu mənzildə onun bir neçə ailə şirkəti də qeydiyyata alınıb...

Poliqon xəbər verir ki, yerli mediada yayılan bəzi məlumatlarda 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputatı, Milli Onkologiya Mərkəzinin (MOM) direktor müavini Kəmaləddin Qafarov Səhiyyə naziri olmağa çalışır.

Qeyd edək ki, Kəmaləddin Qafarov Azərbaycanın oliqarx deputatlarından biri hesab olunur. Deputat ölkənin dərman biznesinin əsas monopolsitlərindən biri olmaqla yanaşı, həm də xərçəng xəstəliyinin müalicəsini tamamilə özünün inhisarına alıb.

Qanunla deputatların bizneslə məşğul olmasının qadağan edilməsinə baxmayaraq, bir çox deputat kimi Kəmaləddin Qafarov da uzun illırdir ki, özünü qanunun üstündə görür və çox şaxəli biznesini istər ölkə daxilində, istərsə də ölkə xaricində çiçəkləndirməyə davam edir.

Yerli mətbuatın yazdığına görə, (bu məlumatlar bu günə qədər təkzib olunmayıb) deputatın rəhbərliyi altında Milli Onkologiya Mərkəzində formalaşan bazar qiymətləri aşağıdakı kimidir:

1. Onkoloji xəstəlik şübhəsi yarananda ilk müraciət etdikdə müayinə üçün 500 manata yaxın pul verməli olurlar.

2. Kimyaterapiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır. Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir.

3. Kimyaterapiya 300 manatdır. Bundan əvvəl də bəzi müayinələri keçmək üçün 60 manatdan 100 manata qədər də pul ödənməlidir. Xərçəng xəstələri hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər.

4. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.

5. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib.

Qeyd edək ki, Milli Onkologiya Mərkəzindəki bu qiymətlərlə heç bir xərçəng xəstəsinin sağalması, ya da buna ümid etməsi mümkün deyil. Çünki varlılar onsuz da müalicə üçün xaricə gedirlər. Kəmallədin Qafarovun təqdim etdiyi “menyü” isə kasıbların cibinə uyğun deyil...

Həmçinin dərman satışı üzərində monopolya sahiblərindən biri olan Kəmaləddin Qafarov ölkədə dərmanların az təminatlı ailələr üçün əl çatan olmasını da imkansız edir. Qeyd edək ki, “AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır. Şirkət həm də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir.

Son illər Milli Onkologiya Mərkəzi və Səhiyyə nazirliyi ilə 10 milyon manatlarla dövriyyəsi olan “Azərimed” MMC-nin qanuni təmsilçisi Famil Rəhimli Vəli oğludur. Şirkət həm də bütün ölkə boyu şəbəkələşmiş “Zəfəran” apteklərini və “Zəfəran” Hospitalı idarə edir. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155-dir. Məhz bu ünvanda Kəmaləddin Qafarov özü və ailə üzvləri qeydiyyatdadır.

Xatırladaq ki, Kəmaləddin Qafarovun qeydiyyatda olduğu Binəqədi rayonu, Mustafa Kamal Atatürk, ev 65 A, m. 155 ünvanında onun bir neçə ailə şirkəti qeydiyyatdadır.

Məsələn 2008-ci il martın 11-də qeydiyyata alınan "AZƏRİ MED-MNK" MMC-nin qanuni təmsilçisi Kəmaləddin Qafarovun yaxın qohumu Canilya Qafarova Rəhim qızıdır.

2008-ci il mayın 1-də qeydə alınan “Kanon” MMC Səbuhi Abbasov Füqar oğlunun adına rəsmiləşdirilib. Bu şirkətin də hüquqi ünvanı Kəmaləddin Qafarovun qeydiyyatda olduğu nənzilədir. Səbuhi Abbasov əvvəllər Canilya Qafarovanın qanuni təmsilçisi olduğu "AZERİMED” MMC-nin idxal departamentinin direktoru olub. Bu şirkət üzərindən Qafarovlar ailəsi ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən, onlarla apteki özündə birləşdirən "Kanon” şəbəkəsinə sahibdir.

2009-cu il aprelin 9-dan Qafarovların ailə şirkətlərinin sırasına daxil olan “MEGA FARMACİ” MMC-nun də hüquqi ünvanı eyni, qanuni təmsilçisi isə Canilya Qafarovadır.

Əczaçılıq sahəsində fəaliyyət göstərir, ayrıca aptekləri olan "NATURALİST" firması 2001-ci il yanvarın 18-də qeydiyyatdan keçib və qanuni təmsilçisi Kəmaləddin Qafarovun qardaşı Cəlaləddin Qafarovdur.

Gürcüstanda əczaçılıq sahəsində fəaliyyət göstərən "HELİOS FARMA LTD” 2018-ci ilin mayından Canilya Qafarovanın (sənədlərdə Cəmalə kimi qeyd olunub) adına rəsmiləşdirilib. Şirkət Tbilisinin İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatdadır və Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur.

Qeyd edək ki, deputata məxsus bu şirkətlər ölkəyə dərman vasitələri və preparatları gətrən əsas şirkətlərdəndir. Bu şirkətlərin ətrafında deputata məxsus xeyli sayda “peyk” şirkətlərin də olduğu ehtimal edilir.

Xatırladaq ki, “lal deputat” kimi tanınan Kəmaləddin Qafarov bu Milli Məclisin komitə iclaslarının birində deyib ki, “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur”. Kəmaləddin Qafarovun bu mövzunu dilə gətirməsi və belə bir iddia irəli sürməsi maraqlı olduğu qədər də gülüş doğurur. Çünki,əgər elədirsə, o zaman Türkiyəyə səfər edən azərbaycanlılar niyə geri qayıdanda əsasən dərman alıb gətirirlər?

Bu gülünc iddianı irəli sürən Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas baiskarlarından biridir və belə bir şəxsin “Azərbaycanda dərmanlar ucuzdur” deməsi yumşaq desək vətəndaşları məsxərəyə qoymaqdır. Belə görünür ki, deputat parlament tribunasından öz biznesini legitimləşdirmək məqsədi üçün istifadə edir.

Onu da qeyd edək ki, Kəmaləddin Qafarov hər həftə ölkə mətbuatında siyasi-ictimai xarakterli məqalələrlə çıxış edir. Maraqlıdır, parlamentin iclaslarında səsi çıxmayan deputat bu məqlələləri özü yazır, yoxsa kimdənsə satın alır?..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

Poliqon.info

Chosen
9
poliqon.info

1Sources