EN

Haqq nazildi... üzülmədi

Xunta cəlladları qanlı əməllərinə görə cavab verəcəklər

Ermənistanla atəşkəs sazişinin imzalandığı 1994-cü ildən ötən 26 il ərzində aparılan danışıqların mənasızlığı, prosesin iflasa uğradığı tam aydın olandan sonra Azərbaycan dövləti məcburiyyət qarşısında hərb yoluna əl ataraq, müqəddəs zəfər yürüşünə başladı. Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. Bundan sonra Azərbaycan dövləti erməni azlığın kompakt məskunlaşdığı ərazilərdəki sakinlərin reinteqrasiya siyasətinə start verdi.
Amma separatçıların yaratdıqları xunta rejiminin başçıları bu prosesə əsas əngəl oldular. Onlar dinc məcrada keçməli olan prosesin baş tutmasına imkan vermədilər. Prosesi hər vəchlə pozdular. Nəticədə 2023-cü ilin sentyabrındakı lokal xarakterli antiterror tədbirləri qaçılmaz oldu. Bir sutkadan az davam edən tədbirlər xunta rejiminin tam təslim olması ilə nəticələndi. Həmin günlərdə separatçı rejim başçıları Qarabağda yaşayan erməni əhalini, necə deyərlər, “panikaya salaraq” onların tez-tələsik bölgədən çıxarılmasını təşkil etdilər. Bunun da əsas səbəbi sonradan bölgəyə qayıdışı bəhanə edərək Azərbaycana beynəlxalq təzyiq formalaşdırılmasını təşkil etmək idi. Ancaq, məlum olduğu kimi, onların bu niyyəti də puç oldu.
Antiterror tədbirlərinin başa çatmasından dərhal sonra daha bir qanunauyğun addım atıldı. Separatçı rejimin keçmiş və o dövrdəki “qlavarları”, eləcə də Azərbaycana qarşı sülh və müharibə cinayətləri törətmiş şəxslər 2023-cü il sentyabrın sonları, oktyabrın əvvəllərində saxlanılaraq Bakıya gətirildilər. Ötən müddət ərzində onlarla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işinin istintaqı aparılıb. İstintaq Azərbaycan Respublikası və xalqına qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və insanlıq əleyhinə digər cinayətlər, müharibə cinayətləri, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi və digər çoxsaylı cinayətlərin törədilməsi faktları üzrə həyata keçirilib.
Baş prokurorun 2024-cü il mayın 2-də imzaladığı qərarla 1987-ci ilin oktyabr ayından 2024-cü ilin aprelin 22-dək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş Prokurorluq və respublikanın ayrı-ayrı istintaq qurumlarında istintaq edilən 1389 cinayət işi bir icraatda birləşdirilib və Baş Prokurorluğun rəhbərliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub.
Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən törədilən cinayətlərdə 15 nəfər ittiham olunur. Bunlar Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, David İşxanyan, David Babayan, Lyova Mnatsakanyan, David Manukyan, Qarik Martirosyan, Melikset Paşayan, David Allahverdiyan, Qurgen Stepanyan, Levon Balayan, Madat Babayan, Vasili Beqlaryan və Erik Qazaryandır. Onlar cinayətkar birlikdə iştirak etdikləri dövrlərə uyğun olaraq, Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar. İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə ittiham aktı baş prokuror tərəfindən 2024-cü il dekabrın 16-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Bundan əlavə, terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi, Azərbaycan Respublikası və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri və digər çoxsaylı cinayətlərin törədilməsi faktları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Ruben Vardanyanla bağlı cinayət işinin istintaqı aparılıb. Əvvəllər Rusiya vətəndaşı olmuş, hazırda Ermənistan vətəndaşı olan, Rusiyada “Troyka dialoq” şirkətinin təsisçisi və rəhbəri olmuş, “KAMAZ” ASC-nin direktorlar şurasının üzvü, həmin ölkədə “Volqa-Dnepr” şirkətlər qrupunun müstəqil direktoru və sair vəzifələrdə çalışmış R.Vardanyan 2023-cü il sentyabrın 25-də Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış elan edilib, sentyabrın 27-də isə saxlanılaraq istintaqa təhvil verilib və həmin tarixdə ona ittiham elan edilib.
Onu da bildirək ki, onların hər birinin müdafiə, bildiyi dilindən istifadə etmək və digər prosessual hüquqları təmin edilib. Təqsirləndirilən şəxslər vəkillə təmin olunublar. Eyni zamanda, çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaqı davam etdirilir. Baş Prokurorluq bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinən, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, adıçəkilən ölkənin aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edib.
Separatçı “qlavarlar”ın cinayət işi üzrə məhkəmə bu həftə başlayacaq. Hazırlıq iclası yanvarın 17-nə təyin olunub. İş Bakı Hərbi Məhkəməsində hakim, məhkəmənin sədri Zeynal Ağayevin icraatına verilib.
R.Vardanyan barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası da eyni günə təyin edilib. Bu cinayət işinə də Bakı Hərbi Məhkəməsində Zeynal Ağayevin sədrliyi ilə baxılacaq.
Beləliklə, dünya ictimaiyyəti bu həftə məsuliyyətə cəlb olunmayacaqları düşüncəsi ilə uzun illər müxtəlif ağır cinayət əməlləri törədən şəxslərin ədalət mühakiməsinin başlanmasına şahidlik edəcək. Separatçıların məhkəməsini İkinci dünya müharibəsindən sonra nasist canilər üzərində aparılan və şərti olaraq “Nürnberq prosesi” adlanan məhkəmə işi ilə müqayisə edənlər az deyil. Demək olar ki, nasist canilər də eyni əməllərdə ittiham olunurdular. Maraqlıdır ki, 1945-1946-cı illərdə Nürnberqdə ittiham olunanlarla Bakıdakı prosesdə ittiham olunanların sayları da aşağı-yuxarı eynidir. Əger Nürnberqdə 24 nasist cani mühakimə olunmuşdusa, Bakıda mühakimə olunacaq separatçıların sayı 16-dır.
Halbuki, bu şəxslər 2023-cü ilə qədər törətdikləri əməllərə rəğmən, gəlib təslim olsaydılar, bəlkə də indi hər şey başqa cür nəticələnərdi. Prezident İlham Əliyev 2023-cü il mayın 28-də, yəni antiterror tədbirlərindən təxminən 4 ay əvvəl Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı etdiyi çıxışında xunta rejimi təmsilçilərinə sonuncu şansı vermişdi. Gəlin, həmin tarixi çıxışı bir daha yada salaq: “İki il yarım ərzində bütün planlarımız ardıcıllıqla, tədricən həyata keçdi və biz öz planlarımızın son addımlığındayıq, o addım da atılacaq və buna mən şübhə etmirəm. Buradan – uzun illər istismar etdikləri, qanunsuz məskunlaşdıqları Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. “Miatsum” kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə, yeganə yol qalıb – Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın normal vətəndaşı olmaq, öz saxta “dövlət atributları”nı zibil yeşiyinə atmaq, “parlament”i buraxmaq”.
Prezident qeyd etmişdi ki, guya, orada “parlament” fəaliyyət göstərir, guya, orada prezident var, guya, nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə “parlament” buraxılmalı, özünü “prezident” adlandıran ünsür təslim olmalı, bütün “nazirlər”, “deputatlar” və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar.
Dövlətimizin başçısı bildirmişdi ki, ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı amnistiyadan söhbət gedə bilər: “...Sadəcə olaraq, bizə gələn son mesajlar belədir ki, bəs orada “rəhbərliy”in aqibəti necə olacaq? Onlara amnistiya düşürmü, düşmürmü? Mən isə deyirəm ki, buna baxmaq lazımdır. Birincisi, biz oraya heyət göndərmişdik. Mənim nümayəndəm gedib onlarla birinci görüş keçirib və ondan sonra onları dəvət etmişik Bakıya ki, gəlin danışaq. Onlar bundan imtina etdilər. Bundan sonra ikinci dəfə biz onları dəvət etmişik Bakıya. Yəni, Qarabağda yaşayan erməni azlığının nümayəndələrini. Ondan da imtina etdilər. Daha üçüncü dəvət olmayacaq. Ya özləri boyunlarını büküb gələcəklər, ya da ki, indi hadisələr başqa cür inkişaf edəcək. Ona görə onlara ancaq o halda amnistiya düşə bilər ki, özləri könüllü olaraq bütün saxta vəzifələrini kənara qoyub Azərbaycan vətəndaşlığı üçün müraciət etsinlər. Ona da biz hələ baxacağıq. Mənim sözüm qətidir, bunu hər kəs bilir, həm Azərbaycanda, həm dünyada, o cümlədən Ermənistanda. Nəyi deyiriksə, onu da edirik. Bir dənə də olsun sözümüz, necə deyərlər, havada qalmayıb. Bu söz də havada qalmayacaq. Əgər mən deyirəmsə ki, amnistiyaya baxmaq olar, bu fürsəti də qaçırmasınlar. Onlar bir çox fürsətləri qaçırıblar, bir çox fürsətləri və hər dəfə, necə deyərlər, gərək onların başından vuraydıq ki, özlərinə gəlsinlər”.
Bəli, separatçı rejimin başçıları Ermənistana, yaxud Fransa, ABŞ başda olmaqla digər xarici havadarlarına arxalanaraq edilən xəbərdarlıqdan vaxtında lazımi nəticə çıxarmadılar, bir çox fürsətlər kimi bunu da əldən verdilər. Nəticədə cənab İlham Əliyevin dediyi kimi, hadisələr başqa cür inkişaf etdi. Yəni, antiterror tədbirləri baş verdi. Sonra isə onlara münasibətdə qanunun aliliyi öz sözünü dedi: Separatçılar həbs olunaraq Bakıya gətirildilər. Bu mənada separatçı “qlavarlar”n iki gün sonra başlayacaq məhkəmə prosesi haqqın qələbəsi, ədalətin təntənəsi sayılmalıdır.

Səxavət HƏMİD
XQ

Chosen
20
xalqqazeti.az

1Sources