EN

“Ona görə də biz daima izləndiyimizi fərq edirik” - dövriyyəyə hamını izləyəcək frank buraxılır

“Böyük qardaş səni izləyir” - Britaniya Kral Sikkəxanası məşhur yazıçı Corc Oruellin ölümünün 75-ci ildönümünü qeyd etmək üçün üzərində bu sözlər yazılmış 2 funtluq sikkə buraxıb. Sikkəni yanvarın 15-dən etibarən Royal Mint saytında almaq mümkün olacaq.

Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, sikkənin arxa tərəfində Oruellin “1984” antiutopiya romanından ən məşhur sitat və hər kəsi görüb nəzarətdə saxlayan göz təsvir olunub.

Xatirə sikkəsinin kənarı bu romandan başqa bir məşhur sitatla bəzədilib: “Həqiqət var, yalan var”.

Dizayner Henri Qrey deyib ki, onun yaradıcılığı təkcə Oruellin yaradıcılığından deyil, həm də müasir texnologiyalardan ilhamlanıb. Dzayner qeyd edib ki, müasir texnologiyalar yazıçının bəzi proqnozlarını reallığa çevirib.

“Bu, hər zaman yanıb-sönmədən sizə baxan kamera obyektivinə bənzəyir” - Henri Qrey belə deyib və əlavə edib: “Hazırda evlərimizin hər yerində telefonlar və kameralar var, reklam verənlər telefonlarımız vasitəsilə söhbətlərimizi dinləyirlər, ona görə də biz daima izlənildiyimizi fərq edirik. “1984” romanı da məhz bundan bəhs edir. Bu roman hər şeyin nəzarət altında olması, insanların daima təzyiq altında saxlanılması və bu mühitdə yaşamağa məhkum edilmələri haqqındadır”.

Corc Oruell (əsl adı Erik Artur Bleyr) 21 yanvar 1950-ci ildə 46 yaşında vəfat edib. 1949-cu ildə nəşr olunan “1984” antiutopiyası Oruellin həm Sovet İttifaqını, həm də nasist Almaniyasını xatırladan totalitar cəmiyyəti təsvir edən ən məşhur əsəri oldu. Bu roman SSRİ-də qadağan edilmişdi.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Chosen
6
1
musavat.com

2Sources