İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində bir sıra görüşlər keçirib. İslam İnkişaf Bankı (İİB) Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casir və Türkiyənin xəzinə və maliyyə nazirinin müavini Osman Çeliklə görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib.
Məlumata görə, Səudiyyə Ərəbistanı Krallığında İİB-nin “Müdirlərin görüşü”ndə Bankın növbəti 10 il üçün strateji çərçivə sənədinin (2026-2035) formalaşdırılması ilə bağlı müzakirələr, qurumun prioritetləri və istiqamətləri, eləcə də üzv ölkələrin inkişaf ehtiyacları ilə bağlı fikir mübadiləsi aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev ölkəmizin İslam İnkişaf Bankı ilə səmərəli əməkdaşlıq etdiyini, Azərbaycanın həyata keçirdiyi layihələrə Bankın dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.