Xosep Qvardiolanın həmişə qələbələrə alışmış ''Mançester Siti''si üçün mövsüm çətin keçir. Amma sən demə ünlü mütəxəssis tək iş baxımından yox, şəxsi həyatında da ciddi problemlər yaşayırmış.
''Football-plus.az'' xəbər verir ki, 53 yaşlı məşqçinin 30 illik həyat yoldaşı və 3 uşağının anası Kristina Serradan boşandığı məlum olub! 52 yaşlı Kristina İtaliyada doğulsa da, valideynləri əslən Braziliyadandı. Onun İspaniya vətəndaşlığı da var. Kristina jurnalist, yazıçı və dizaynerdi.
Onların münasibətləri 1994-cü ildən yaranmışdı. Həmin vaxt Qvardiola ''Barselona'' və İspaniya yığmasının üzvü idi. Maraqlıdı ki, cütlüyün toyu yalnız 2014-cü ilin mayında baş tutmuşdu. Onların 24 yaşlı Mariya, 22 yaşlı Marius və 17 yaşlı Valentina adlı 3 övladı var. Gözəlliyi ilə seçilən Mariya model kimi fəaliyyət göstərir və onun ''instaqram''da 920 mindən çox təqibçisi var. 2019-cu ildən cütlük faktiki olaraq ayrı yaşamaq məcburiyyətində qaldı. Qvardiola ''Siti''ni çalışdırdığı üçün təbii ki, Mançesterdə yaşayır. Amma 2019-da Kristina onun ailəsinə məxsus ''Serra Claret'' moda şirkətinə yardım etmək üçün kiçik qızı ilə birlikdə Barselonaya köçməli oldu.
Bu şirkət Barselona ilə yanaşı Londonda da fəaliyyət göstərir. Cütlük bir-birini yalnız tədbirlərdə görürdü. Görünür, bu üzdən onların münasibətində soyuqluq yarandı. Hətta deyilənə görə boşanma prosesi ötən ay baş tutub. Sadəcə ailənin yaxınlarından başqa heç kim bunu bilmirdi.
''Diario Sport''un məlumatına görə boşanma ''Siti''nin 13 rəsmi oyuna 1 qələbə qazandığı dönəmə təsadüf edib. İndi aydın olur ki, son vaxtlar Qvardiolanın əsəbi və üzgün görüntüsü təkcə komandasının uğursuz nəticələri ilə bağlı deyilmiş. ''Siti'' 2023-də Çempionlar Liqasının finalında oynayarkən Kristina da yoldaşını dəstəkləmək üçün İstanbula gəlmişdi. Bundan başqa ötən ilin yanvarında Qvardiola qeyd etmişdi ki, geyimini məhz həyat yoldaşının məsləhəti ilə seçir.
ƏLİ