EN

UNICEF: Münaqişə zonalarında yaşayan uşaqların sayı artır

UNICEF-in yeni hesabatında 2023-cü ildə 473 milyondan çox uşağın münaqişələrdən təsirlənən ərazilərdə yaşadığı qeyd olunub. Təşkilat bildirir ki, 2024-cü ildə bu rəqəm daha da artıb. 

Fins.az xəbər verir ki, hesabatda deyilir: “ Münaqişələr nəticəsində uşaqların həyatı, hüquqları və rifahı getdikcə daha çox təhdid altında qalır. 2023-cü ildə 473 milyondan çox uşaq (dünya üzrə hər altı azyaşlıdan biri) münaqişənin təsirinə məruz qalan ərazilərdə yaşayıb. 2025-ci ildə uşaqlara təsir edəcək çətinliklərlə bağlı proqnozların yer aldığı hesabatda mənfi təsirə məruz qalan uşaqların faizinin 1990-cı illərdən bəri təxminən iki dəfə artdığı və hazırda bu rəqəmin 19 faizə çatdığı qeyd olunub, habelə onların hüquqlarını və rifahını qorumaq üçün “sistemləri yenidən düşünmək və gücləndirmək” tədbirləri görülməsinə çağırış edilib. 

“İqlim dəyişikliyi ilə bağlı qlobal xəstəlik yükünün 88 faizini beş yaşından kiçik uşaqlar daşıyır”, - deyə UNICEF bildirib və əlavə edib ki, temperaturun yüksəlməsi onların sağlamlığına ciddi təhlükə yaradır.

Hesabatda uşaqların gələcək taleyini daha çox təhlükə altına salan iqtisadi çətinliklərə diqqət çəkilərək deyilir: “Qlobal miqyasda çox böyük uşaq əhalisi olan bəzi ölkələr də daxil olmaqla, 40-dan çox aşağı gəlirli ölkə borcların ödənilməsinə sağlamlıqdan iki dəfə çox pul xərcləyir”.

UNICEF daha sonra texnologiyanın transformasiya potensialına diqqəti vurğulayaraq qeyd edib: “Rəqəmsal ictimai infrastruktur (DPI) hökumətlərin vətəndaşlarla əlaqəsini əsaslı şəkildə dəyişə bilər. DPI təhsil, səhiyyə və sosial müdafiə kimi əsas xidmətlərə bərabər çıxışı təmin etməklə yanaşı, uşaqların rifahının yüksəldilməsində mühüm rol oynaya bilər”.

Hesabatda, həmçinin uşaqların gələcəyini qorumaq üçün fəlakətlərə hazırlığın, təhsil və səhiyyə sahələrində davamlılıq yaradan sistemli yanaşmalara ehtiyacın zəruri olduğu qeyd edilib.

Chosen
5
2
fins.az

3Sources