EN

2025-ci ildə turizmin bu sahəsi daha çox inkişaf edəcək — AÇIQLANDI

“Pandemiyadan sonra ümumiyyətlə dünya miqyasında da təcrübə onu göstərir ki, turizmdə canlanma var. İnsan xislətində səyahətə meyillik daim olub, olacaq da. Hər bir şəxs yeniliklər görmək istəyir. Bu da turizmdə canlanmaya səbəb ola bilər”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

O bildirib ki, Azərbaycanın turizm üçün böyük potensialı var:

“Bununla yanaşı ölkəmizdə keçirilən beynəlxalq yarışlar və bu yaxınlarda da COP29-da şahidi olduq ki, demək olar dünyanın bir sıra ölkələrindən Azərbaycanda nümayəndələr gəlmişdi. 2012-ci ildə “Avroviziya” yarışmasından sonra ardıcıl olaraq dünya miqyasında, genişmiqyaslı tədbirlər həyata keçirməkdəyik. Elə “Formula-1” buna nümunədir. Bu yaxınlarda dünya şöhrətli futbolçu Messinin ölkəmizə gəlməsi, ölkəmizdən olan şəkilləri paylaşması turizm axını üçün çox yaxşıdır. Çünki hər bir məşhurun öz izləyici kütləsi var. Yəni, bunlar hamısı ölkəmizə olan marağı artırır”.



Ekspertin sözlərinə görə, ölkəmizə başqa ölkələrdən blogerlər dəvət olunur:

“Qida, mətbəx, incəsənət və mədəniyyət üzrə turizm potensialımız var. Turizmin sağlamlıq sahəsi 2025-ci ildə ən aktual mövzulardandır. Sağlamlıq turizmi üçün unikal məhsullarımız var.  Ölkəmizdə vətəndaşlarımızın daha çox səyahət etməyini və xarici vətəndaşların qeyri-sezon vaxtlarında da gəlməyini istəyiriksə müxtəlif festival, yarış və tədbirlərin keçirməliyik. Bu zaman ölkəmizə, regionlarımıza olan maraq günü-gündən artacaq. Turizm informasiya mərkəzlərinin yaradılması da turizmə böyük təkan verir. Belə ki, həmin mərkəzlər  turistlərin mədəni şəkildə bir bələdçisinə çevrilir. Bütün bunlar getdikcə daha çox turist sayı deməkdir”.


Leyla Turan
Demokrat.az
Chosen
11
demokrat.az

1Sources