Rəsmi İrəvanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalaması Qərbi Cənubi Qafqaz regionuna gətirmək məqsədi daşıyır.
Bu fikirləri "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, Ermənistan hakimiyyəti Qərbin diktəsi ilə Rusiyadan uzaqlaşmaq siyasətini davam etdirir:
"Ermənistan son illərə qədər Rusiyanın regionda forpostu funksiyasını yerinə yetirib. İndi isə Paşinyan hakimiyyəti öz davranışı ilə Qərbin əlaltısına çevrilir. Əslində, Paşinyanın bu siyasəti Rusiya tərəfindən xoş qarşılanmır. Lakin rəsmi İrəvan nəzərə almalıdır ki, Rusiyanın Ermənistana böyük təsir imkanları qalmaqdadır".
Onun sözlərinə görə, Rusiyanın Ermənistana qarşı iqtisadi təsir imkanları kifayət qədər güclüdür:
"Belə ki, Rusiyanın Ermənistanda böyük hərbi bazası mövcuddur. Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazası Rusiya Federasiyasının Şimali Qafqaz hərbi dairəsinin Qafqazdakı Qoşun Qruplaşmasına tabedir və 5 minə yaxın hərbçidən ibarətdir. İki ölkə arasında imzalanmış müqaviləyə görə, hərbi baza Ermənistanda 49 il qalmalıdır. Belə ki, bununla bağlı iki dövlət 1995-ci ildə 25 il müddətinə sənəd imzalayıb. 2010-cu ildə isə hərbi bazanın dislokasiya müddəti uzadılıb".
F.Yıldırım Ermənistanın hazırkı addımlarının bütün region dövlətlərinin maraqlarına zidd olduğunu vurğulayıb:
"Rusiya və İranın ABŞ ilə münasibətləri çox gərgindir. Eləcə də, həmin ölkələrin Avropa İttifaqı ilə də münasibətləri yaxşı deyil. Belə bir şəraitdə Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsi də qəbulolunmazdır. Ermənistanın bu kimi addımları sülh prosesinə də zərbə vurur".
Deputat söyləyib ki, digər narahatedici məqam rəsmi İrəvanın hərbiləşmə siyasətini davam etdirməsidir:
"Ermənistanı ən çox silahlandıran Qərb ölkələridir. Təbii ki, Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir".
F.Yıldırım əlavə edib ki, bütün bunların fonunda rəsmi İrəvanın həqiqətən sülh istəməsi inandırıcı görünmür:
"Ermənistan anlamalıdır ki, regionda sabitliyi və sülhü təmin etməyin yeganə yolu qonşu ölkələrlə normal əməkdaşlıqdan keçir. Paşinyan hakimiyyətinin Qərbə yönəlik indiki siyasəti isə Ermənistan üçün yaxşı heç nə vəd etmir”.