Yanvarın 14-də Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında saziş imzalayacaq. Bununla rəsmi İrəvan Rusiyaya dost olmayan ölkələrə doğru hərəkətini davam etdirdi.
“Report” xəbər verir ki, ekspertlər “NEWS.ru”ya açıqlamalarında bu sazişin Ermənistan hakimiyyətinə nə üçün lazım olduğunu, onların Vaşinqtondan nə almağı hədəflədiklərini və nəyi itirmək riski ilə üzləşdiklərini bildiriblər.
Əvvəla onu qeyd edək ki, belə bir saziş bağlamaq niyyətini Ermənistanın Baş naziri Nikol Paşinyan ötən il iyulun 4-də ABŞ lideri Cozef Baydenə Amerikanın Müstəqillik Günü münasibətilə təbrik məktubunda bəyan etmişdi.
Rusiya Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının tərifinə əsasən, strateji tərəfdaşlıq sazişləri tərəfdaşların təhlükəsizlik və müdafiə sahəsində maraqlarının yaxınlaşmasını nəzərdə tutur. O cümlədən 2021-ci ilin sentyabrında ABŞ və Ukrayna arasında belə bir saziş bağlanıb və bu, digər məsələlərlə yanaşı, Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün Amerika silahlarının tədarükü ilə nəticələnib.
2024-cü ilin iyununda ABŞ Dövlət Departamenti İrəvanla hərbi sahədə əməkdaşlığı artırmaq niyyətini təsdiqləyib. İyulda isə Ermənistan ərazisində iki ölkənin hərbçilərinin iştirakı ilə “Eagle Partner 2024” birgə hərbi təlimləri keçirilib.
Öz növbəsində, Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, vacib olan sənədin özü və onun necə adlandırılması yox, ondan irəli gələnlərdir.
“Biz Qərb ölkələri ilə bir çox müqavilələrdə də “strateji tərəfdaşlıq” terminologiyasından istifadə etmişik, lakin bu razılaşmalar heç vaxt bizdən hər hansısa üçüncü ölkəyə qarşı hərəkət etməyi tələb etməyib”, – Lavrov yanvarın 14-də keçən il Rusiya diplomatiyasının yekunlarına dair mətbuat konfransında deyib.
Rusiya Federasiyası Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin “NEWS.ru”ya açıqlamasında müqavilənin imzalanması ilə bağlı xəbərlərin maraqlı xarakter daşıdığı qənaətində olduğunu bildirib.
Rusiya Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədr müavini Aleksey Çepa isə “NEWS.ru” ilə söhbətində bəyan edib ki, Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq sazişinin mahiyyətini izah etməlidir. Parlamentarinin fikrincə, bu sənəd Ermənistanın Rusiya ilə gələcək münasibətlərinə təsir edəcək.
Respublikaçı Donald Trampın ABŞ-də keçirilmiş prezident seçkilərində qalib gəlməsi Ermənistanın və erməni diasporunun maraqları üçün təhlükə yaradır. Bu barədə Amerikanın “The National Interest” nəşri ötən ilin sentyabrında yazıb.
“Avropada və ABŞ-də konfiqurasiya dəyişir. Trampın qələbəsi Vaşinqtonda təcridçilik meyillərinin güclənməsindən xəbər verir. Bundan başqa, Paşinyan Corc Sorosun “yetirməsidir”, o isə Trampın birbaşa, şəxsi düşmənidir. Avropa İttifaqına gəlincə, indi onun geosiyasi eksperimentlər üçün daha az resursu var; hətta uzun müddət Cənubi Qafqazın işlərinə qarışan Fransanın da”, – politoloq Dmitri Solonnikov “NEWS.ru”ya açıqlamasında qeyd edib.
ABŞ ilə strateji tərəfdaşlıq haqqında saziş KTMT-yə üzvlüyün “dondurulması”nın və Avropa İttifaqına qoşulma prosedurunun başlanmasının elan edilməsindən sonra daha bir səs-küylü, lakin sırf deklarativ xarakter daşıyan önəmsiz sənədə çevriləcək. Çünki onun real məzmunu Ermənistanın ticarət dövriyyəsində az qala 40 % paya malik Rusiya ilə münasibətlərin kəskin şəkildə korlanmasına gətirib çıxaracaq.