EN

Neftin qiyməti nə qədər arta bilər?

Rusiyaya yeni sanksiyalardan sonra dünya bazarında neft qiyməti bahalaşır və bu davam edəcək 

Ötən ilin ikinci yarısını bir neçə dəfə kəskin qiymət enişləri ilə keçirən neft bazarı 2025-ci ilin əvvəlindən “müsbət” proseslərin təsirindədir. Belə ki, yanvarın ilk həftəsində ABŞ prezidenti Co Bayden Atlantik və Sakit okean sahillərində, eləcə də Meksika körfəzinin şərqində yeni dəniz neft və qaz yataqlarının işlənməsinə qadağa qoydu. Qadağa 2,5 milyon kvadratkilometr əraziyə şamil edilir. Yeni seçilmiş prezident Donald Tramp vəzifə səlahiyyətlərinin icrasına başlayan kimi Baydenin qərarını ləğv edəcəyini açıqlasa da, analitiklər bunun tezliklə reallaşmasının mümkün olmadığı qənaətindədirlər.

Neft bazarı üçün müsbət impuls sayılan ikinci addım da Bayden administrasiyasından gəldi. Yanvarın 10-da ABŞ Maliyyə Nazirliyi Rusiya neftini daşıyan 183 tankeri, həmçinin Rusiyanın neft daşınması, sığortalanması, ixracı ilə bağlı bütün əsas şirkətlərin hamısını sanksiya siyahısına daxil etdi. Ardınca eyni qərarı Böyük Britaniya da qəbul edib. Qara siyahıya salınan tankerlərin 54-ü Rusiyanın əsas daşıyıcısı olan Sovcomflot-undur və şirkət artıq sanksiyaların ona böyük çətinliklər yaradacağını açıqlayıb. 

ABŞ və Böyük Britaniyanın bu qərarından sonra məlum olub ki, Hindistan Rusiya neftini daşıyan və ABŞ-ın sanksiyalar tətbiq etdiyi tankerləri öz limanlarına qəbul etməyəcək. Məlumatı "Bloomberg" Hindistanın yüksək rütbəli rəsmisinə istinadən yayıb. 

Hindistan rəsmisinin sözlərinə görə, sanksiya siyahısında olan tankerlərin limanlarda boşaldılmasına icazə verilməyəcək. Bu, martın 12-dən əvvəl boşaldılması şərtilə, 10 yanvara qədər icarəyə götürülmüş gəmilərə şamil edilmir. Beləliklə, sanksiyaların təsiri bir neçə ay ərzində hiss oluna bilər. Qeyd olunur ki, Hindistan bankları xammalın sanksiyaya məruz qalan tədarükçülərdən gəlməməsini təmin etmək üçün sertifikatlar tələb edəcək. Eyni zamanda Hindistan neft emalı müəssisələri Rusiya neftinə olan endirimi itirmək riski ilə üzləşirlər.

Yüksək səviyyəli Hindistan rəsmisi bildirib ki, ruslar tezliklə xammallarını hindistanlı alıcıya çatdırmağın yollarını tapacaqlar. Yeni Dehlinin özü üçün də məhdudiyyətlər böyük problem olmayacaq. Məsələ burasındadır ki, OPEK ölkələrinin sərbəst buraxılış gücü sutkada 3 milyon bareldir. Bundan əlavə, təşkilatın bir hissəsi olmayan təchizatçılar tələb olunan barelləri asanlıqla əlavə edə bilərlər.

Rəsmi əlavə edib ki, Hindistan neft emalı zavodları artıq Yaxın Şərqdən olan tədarükçülərlə yeni müqavilələr üzrə fəal danışıqlar aparır.

Elxan

Elxan Şahinoğlu

Politoloq, Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun “Yeni Müsavat”a dediyinə görə, Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Qərb ölkələrinə neft və qaz sata bilmir: “Moskva vəziyyətdən çıxış yolu kimi enerji resurslarınını əsas hissəsini Çinə və Hindistana satmağa başlamışdı. Ancaq son zamanlar Rusiya üçün bu iki istiqamətdə də vəziyyət mürəkkəbləşib. Belə ki, Qərbin Rusiya neftinin gizli satışına qarşı sanksiyaları ötən ilin ikinci yarısından etibarən bu ölkənin maye yanacaq ixracında ciddi problemlərə səbəb olub. Ötən ilin noyabr ayında Rusiyanın Hindistana satdığı neftin həcmi 55 faiz azalıb. "Reuters" agentliyinin məlumatına görə, Hindistan Rusiyadan gündəlik neft alışını 1.52 milyon barel azaldıb. Bununla Hindistan Rusiya neftinin əsas alıcısı statusunu itirib. Əvəzində isə Hindistan ərəb ölkələrindən aldığı neftin həcmini artırıb. Hindistanın baş naziri Narendra Modi bir müddət əvvəl Cənubi Amerika ölkəsi olan Qayanaya səfər edərək bu ölkə ilə enerji əməkdaşlığını artıracağını bildirib. Hindistan şirkətləri Qayanaya yatırımları artıraraq bu ölkədən daha çox neft nəql etməyi planlaşdırırlar. Qayanada neft istehsalı ilə məşğul olan əsas şirkət “Exxon Mobil”dir. Bu şirkət razılaşarsa, Qayana Hindistana neft ixracını artıracaq. Hindistandan sonra Çin də Rusiyadan alınan neftin həcmini azaldıb. Çin limanları Rusiyanın neft daşıyan 3 tankerini qəbul etməkdən imtina ediblər. Məsələ burasındadır ki, həmin tankerlər Amerika Birləşmiş Ştatlarının yeni sanksiya siyahısına daxil edilib. Həmin tankerlərdəki nefti qəbul edən neft emalı zavodları  və limanları da avtomatik sanksiya altına düşəcəklər. Çin şirkətləri ABŞ-ın sanksiyalarından ehtiyat edirlər. "Bloomberg" agentliyinin məlumatına görə, tankerlərin hər birində 700-800 min barel xam neft olub. Tankerlər geri qayıdıblar. 

Beləliklə, Moskvanın iki ticarət tərəfdaşı olan Çin və Hindistan Rusiyadan neft və qaz alışında diqqətli olmağa başlayıblar". 

Politoloqa görə, Çin və Hindistanın emal zavodları nefti Yaxın Şərq, Afrika, Şimali və Cənubi Amerika ölkələrindən almağa üstünlük verəcəklər: “Bu isə neftin qiymətlərinə təsirsiz ötüşməyəcək. Neftin daşınma qiymətləri artacaq”.

Sanksiyalarda sonra dünya bazarında neft qiymətləri sürətlə bahalaşaraq 82 dollara qədər yüksəlsə də, yanvarın 14-də yenidən azalaraq 80 dollar civarında sabitləşib. Lakin ekspertlərə görə, bu azalma müvəqqətidir. Əgər Tramp hakimiyyəti tətbiq olunan sanksiyaları ləğv etməzsə və Rusiya öz neftinin yeni ixrac yollarını tapa bilməzsə, 2025-ci ilin ikinci yarısında dünya bazarında neft çatışmazlığı yarana, qiymətlər 90 dollara qədər yüksələ bilər. 

Bunun əsas səbəblərindən biri ABŞ-ın öz şirkətlərinə Rusiyada və Rusiyaya bağlı neft layihələrinə xidmətə qoyduğu qadağadan Xəzər Boru Kəməri Konsorsiumu (KTK), Tengizchevroil və Saxalin-2 layihələrinə neft-mədən xidmətlərinin göstərilməsi ilə bağlı istisnanın müddətinin bitməsi olacaq. Belə ki, icazənin etibarlılığı 28 iyun 2025-ci il tarixinədək müəyyən edilib. Buraya yalnız neft nəqli ilə bağlı xidmətlər daxildir. İcazə dayandırıldıqdan sonra KTK ilə Qara dəniz limanlarına Qazaxıstan neftinin çatdırılması sahəsində ciddi çətinliklərin yaranacağı gözlənilir. KTK Qərbi Qazaxıstandakı və Xəzər şelfindəki Rusiya neft yataqlarını Novorossiyskdəki dəniz terminalı ilə birləşdirir. Marşrutun uzunluğu 1511 km-dir. Sistem Qazaxıstan neftinin əsas ixrac marşrutudur və Qazaxıstandan boru kəməri ilə ixrac həcminin 80 faizindən çoxunu təmin edir. Sistem Qazaxıstan ərazisindən ildə təxminən 72,5 milyon ton neft və Rusiya vasitəsilə ildə 83 milyon tona qədər neft nəql etmək gücündədir. 2024-cü ildə kəmərlə 64,4 milyon ton neft nəql olunub. KTK-nin səhmdarları arasında ABŞ-ın “Chevron Caspian Pipeline Consortium Company” şirkəti də var. Qazaxıstanda Tengiz yatağının işlənməsini həyata keçirən “Tengizchevroil” MMC-nin iştirakçıları arasında isə “Chevron” (50 faiz), “ExxonMobil Kazakhstan Ventures Inc” (25 faiz) var. Tengiz neft-qaz yatağı Qazaxıstanın ən böyük yataqlarından biridir, neft ehtiyatları 3,1 milyard ton təşkil edir. Beləliklə, sanksiyalar yalnız Rusiya deyil, Qazaxıstan neftinin ixracına da mənfi təsirini göstərəcək.

Bu amilləri nəzərə alan Citi analitikləri bu ilin birinci rübündə Brent markalı neftin bir barel üçün proqnozunu 65 dollardan 71 dollara, WTI üçün isə 61 dollardan 67 dollara qədər yaxşılaşdırıblar: “Neft bazarları ilin əvvəlində İranın xam neft ixracına böyük geosiyasi təsirlərin olacağı gözləntiləri ilə yüksəldi, soyuq hava isə isitmə tələbini artırır və ABŞ-ın xam neft ehtiyatlarının azalmasına səbəb olur”.

Azərbaycan hökumətinin proqnozuna görə, 2024-cü ilin yekununda ölkədə 29,2 milyon ton, 2025-ci ildə isə 28,7 milyon ton neft hasil ediləcək. Rəsmi statistikaya əsasən 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 26,5 milyon ton neft (kondensat ilə birlikdə) hasil edilib. Hasilatın 15,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,52 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensat ilə birlikdə) hasilatı 6,8 milyon ton təşkil edib. 11 ay ərzində 22,2 milyon ton neft (kondensat ilə birlikdə) ixraca nəql olunub. Bunun 19,2 milyon tonu konsorsiumların, 3 milyon tonu isə SOCAR-ın payına düşüb.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 27,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilmişdi. Bunun 16,4 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,9 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,24 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 7,1 milyon ton təşkil edib.

Hesabat dövründə 23,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 20,2 milyon tonu konsorsiumun, 2,9 milyon tonu isə SOCAR-ın olub.

Analitiklərə görə, Azərbaycanda neft hasilatının və ixracının azalmasına rəğmən, yüksək qiymətlər fonunda ən azı 2030-cu ilədək bu sahədən əldə olunan gəlirlərdə kəskin azalma olmayacaq.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Chosen
3
musavat.com

1Sources