EN

SOCAR-ın "Yaşıl istiqrazları" dövriyyəyə buraxılır - Dəyəri 1000 dollardır

Bu gündən  Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Yaşıl istiqraz"ların buraxılışına start verir. Yaşıl istiqraz"ları əldə etmək üçün müddət 2025-ci ilin fevralın 28-də başa çatacaq.

Modern.az-ın məlumatına görə, istiqraz emissiyanın ümumi məbləği 200 milyon ABŞ dollarıdır.

Hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 200 min ədəd istiqraz 5 il tədavüldə olacaq.

İstiqrazlarin illik gəlirliliyi 6 faizdir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

“İstiqrazların “yaşıl” adlandırılması təsadüfi deyil. Belə ki, əldə olunan vəsait “SOCAR Green” MMC-nin bərpa olunan layihələrinə və investisiyalarına sərf ediləcək. Məlum olduğu üzrə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29 tədbirinə ev sahibliyi edən ölkəmiz üçün “yaşıl enerji”nin inkişafı və təşviqi məsələləri prioritet əhəmiyyət daşıyır. Bu xüsusda, “Yaşıl Gəlir, Yaşıl Gələcək” şüarı altında buraxılan istiqrazlar vətəndaşlara etibarlı və stabil gəlir qazandırmaqla yanaşı, Azərbaycanın “yaşıl enerji” sahəsindəki təşəbbüslərini də dəstəkləmək məqsədi daşıyır. SOCAR bu emissiya vasitəsilə ekoloji cəhətdən təmiz enerji mənbələrinin inkişafına töhfə vermək və sürətləndirmək niyyətindədir”, – deyə məlumatda qeyd olunub.

“Yaşıl istiqraz”ları 1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindəki SOCAR İstiqrazları köşklərindən, o cümlədən ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətlərindən əldə etmək mümkündür.

Ətraflı məlumat üçün *1999 çağrı mərkəzi və socaristiqraz.az, socarcapital.az veb-saytlarına müraciət oluna bilər.

Xatırladaq ki, SOCAR daxili kapital bazarları üçün ilk istiqraz buraxılışını 2016-cı, ikincini isə 2021-ci ildə həyata keçirib.

SOCAR İstiqrazları tədavülə buraxılandan bu günə qədər ən çox ticarət olunan korporativ qiymətli kağızdır.

SOCAR İstiqrazları ilə bağlı rəsmi məlumatlar yalnız 1 və 5 saylı “ASAN xidmət” mərkəzləri, ölkəmizdə qeydiyyatdan keçmiş investisiya şirkətləri, yuxarıda qeyd olunan çağrı nömrəsi və veb-saytlardan əldə edilə bilər.

 

Chosen
4
20
modern.az

10Sources