“Ermənistan sadəcə həm ABŞ-nin, həm də Rusiyanın əlində alətdir".
Bunu "Yeni Sabah"a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.
O, ABŞ və Ermənistan arasında imzalanmış Strateji tərəfdaşlıq haqqında Xartiyanı şərh edib.
Xatırladaq ki, həmin Xartiya Vaşinqton və İrəvan arasında bir sıra sahələr, o cümlədən müdafiə və təhlükəsizlik, gömrük, sərhəd, iqtisadiyyat, demokratiya, inklüzivlik və iqtisadiyyatın özəl sektoru üzrə qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Mövzu ilə bağlı "Yeni Sabah"a danışan Fərid Şəfiyev qeyd edib ki, Ermənistan həm Qərbin, həm də Rusiyanın forpostu funksiyasını yerinə yetirir:
“Hər ikisi çalışır ki, Ermənistandan forpost kimi istifadə etsin. İrəvanın bu vəzifəni yerinə yetirməsi Osmanlı imperiyasının mövcudluğu zamanından başlayıb və hələ də davam edir. Halbuki Ermənistan Rusiya ilə həm hərbi, həm də iqtisadi ittifaqlar üzrə müttəfiqidir. Amma ABŞ ilə də strateji əməkdaşlıq sənədi imzalayıb. Avropa İttifaqı da Ermənistanın təşkilata üzvlük müraciətinə baxmağa hazır olduğunu açıqlayıb.
Hazırda Ermənistan vasitəsi ilə sanksiya tətbiq olunan bir sıra mallar Rusiyaya ötürülür. Görünən odur ki, bu faktor ABŞ üçün əngəl deyil. Digər tərəfdən, Rusiya da bildirib ki, ABŞ ilə münasibətlər Ermənistanın daxili işidir.
Təbii ki, hər iki ölkə çalışır ki, Ermənistanı öz orbitində saxlasın. Ermənistan belə bir vəziyyətdən hər zaman müəyyən dərəcədə istifadə edib. 30 il bundan öncə də belə idi, indi də belədir. Sadəcə indi bu əməkdaşlıq sənədləşdirilir”.
Fərid Şəfiyevin fikrincə, ABŞ-nin bu cür addımlar atması Ermənistandakı revanşist qüvvələr üçün həvəs yaradır:
“Miatsum” ideyasına görə, minlərlə insan həlak olub. Bu cür revanşist düşüncələr elə məhz Ermənistanın özünə zərər verir. Gördüyüm qədər ilə, orada revanşist qüvvələr hələ də fəaliyyətdədir. Onlar hələ də xəyallarından keçirir ki, 20-30 ildən sonra yenidən bu məsələyə qayıda biləcəklər.
Əsas təhlükə odur ki, o, ABŞ-nin bu cür hərəkətlərindən həvəslənir və fikirləşir ki, Azərbaycana qarşı ərazi iddialarını yenidən irəli sürə bilər. İrəvan yenidən militarist yolunu tutsa, 2020-ci və 2023-cü ildəki məğlubiyyətləri bir daha yaşayacaq”.
Nazim Hacıyev
Telegram kanalımız