EN

Plastik cərrahlara efirə çıxmaq qadağan edilib? - Rəsmi CAVAB

Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycanda plastik cərrahların televizyalara dəvət edilməsi qadağan edilib. İddialara görə, qərarın verilməsinə səbəb son aylarda plastik cərrahlarla bağlı aparılan araşdırmalar olub.

Modern.az məsələni dəqiqləşdirmək üçün Audiovizual Şura ilə əlaqə saxlayıb.

Qurumun Kommunikasiya sektorunun mudiri Taleh Quliyev sorğumuza cavab olaraq bildirilib ki, plastik cərrahların televiziya və radio kanallarının efirinə çıxışına qadağa qoyulması ilə bağlı məlumat həqiqəti əks etdirmir.

"Hər bir yayımçı efirə dəvət etdiyi şəxs və qonaq ilə bağlı özü məsuliyyət daşıyır. Bu məqsədlə, həmişə olduğu kimi, kanallar efirə hər hansı bir sahədə fəaliyyət göstərən həkimləri dəvət edəndə onlardan fəaliyyət sahələri üzrə malik olduqları sertifikat və ya lisenziyasının olmasına diqqət yetirirlər. Belə sənədi olmayan şəxslər efirə buraxılmır", - o qeyd edib.

Açıqlamada vurğulanır ki, son zamanlar da mediada, o cümlədən sosial media səhifələrində plastik cərrahlarla bağlı yayılan məlumatlar televiziya və radio yayımçılarını bu mövzuda diqqətli olmağa vadar edir: "Fəaliyyət istiqaməti üzrə müəyyən sənədləri olan həkimlər efirə sərbəst dəvət oluna bilirlər və bu standart qaydada baş verir".

Xatırladaq ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ötən ay əməliyyat həyata keçirib. Məlum olub ki, Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova, akkreditasiya şöbəsinin keçmiş müdiri Lətafət Cabbarova və digər şəxslər həkimlərin ixtisaslarının qanunsuz olaraq dəyişdirilməsində və saxta sertifikatlarla təmin edilməsində iştirak ediblər. Bu qanunsuzluqlar nəticəsində çoxsaylı şəxslərdən rüşvət alındığı müəyyən edilib.

Həmin faktlarla bağlı Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdar rüşvətalma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Toplanmış sübutlar əsasında Səidə Rüstəmova və Lətafət Cabbarova barəsində ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

Baş Prokururluq bildirib ki, qanunsuz əməllərin törədilməsində iştirak edən digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcəkdir.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, plastik cərrahlar praktik fəaliyyətlərini təsdiq edən sənədləri 2025-ci il yanvarın 31-dək təqdim etməlidirlər. Əks halda, onların tibbi fəaliyyət hüququ ləğv ediləcək. Bu məqsədlə müxtəlif nazirliklərin nümayəndələrinin iştirakı ilə Xüsusi Təftiş Komissiyası yaradılıb.

Chosen
3
18
modern.az

10Sources