EN

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından indiyədək hasil olunan neft və qazın həcmi açıqlanıb

"Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən 1 yanvar 2025-ci il tarixinədək 650,2 milyon ton neft (kondensatla birlikdə), 466,5 milyard kubmetr qaz hasil edilib.

Bu barədə Day.Az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Azəri-Çıraq-Günəşli"dən 601,5 milyon ton neft, 229,7 milyard kubmetr qaz, "Şahdəniz"dən isə 48,7 milyon tona yaxın kondensat, 236,8 milyard kubmetr qaz çıxarılıb. Bu yataqlardan 01 yanvar 2025-ci il tarixinədək 648,3 milyon ton neft, 169,5 milyard kubmetr qaz ixraca nəql edilib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

Onu da əlavə edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın Pay Bölgüsünə dair Saziş" 4 iyun 1996-cı ildə imzalanaraq, həmin ilin oktyabr ayının 17-də qüvvəyə minib.

Xəzərin Azərbaycan sektorunda yerləşən və dünyanın ən böyük qaz və kondensat yataqlarından biri olan "Şahdəniz" yatağı 1999-cu ildə kəşf edilib. 1 trilyon m³ qaz və 243 milyon ton kondensatdan ibarət olan nəhəng "Şahdəniz" yatağının kəşf edilməsi və "Şahdəniz" qaz layihəsinin uğurla həyata keçirilməsi Azərbaycanı dünyaya qaz ixrac edən ölkə kimi tanıdıb.

Chosen
3
1
day.az

2Sources