EN

Rusiyadan deportasiya başladı -AZƏRBAYCANLILAR ÖLKƏYƏ QAYIDA BİLMİRLƏR

Rusiyada miqrasiya sahəsində yeni qaydaların tətbiqi ilə əlaqədar bu ölkəni tərk etmək istəyən azərbaycanlılar ciddi problemlərlə üzləşiblər.

 

Bakupost.az -ın əldə etdiyi məlumata görə, 20-yə yaxın soydaşımız hazırda Mahaçqalada polis bölməsində saxlanılır. Belə ki, onların Rusiyada qalmaq icazəsi başa çatıb. Bir çox şəhərlərə uçuşların dayandırılması və quru sərhədlərin bağlı olması səbəbindən həmin şəxslər Azərbaycana qayıda bilmirlər.

 

Məlumatlara görə, eyni problemlə üzləşən soydaşlarımızın sayı minlərlədir. Qeyd olunur ki, Rusiya hüquq-mühafizə orqanları azərbaycanlılara təzyiq göstərir, onların ölkəni tərk etməsini tələb edirlər. Hava və quru yollarının bağlı olması isə buna imkan vermir.

 

Xatırladaq ki, bu il yanvarın 1-dən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib. Yeni qaydalara görə, Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gündür.

Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.

 

Bundan əlavə, Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Chosen
2
17
senzor.az

10Sources