Fransanın paytaxtı Parisdə keçirilmiş Yay Olimpiya Oyunlarında mükafatçılar sırasına düşən Azərbaycanın iki idmançısının medalı keyfiyyətini itirib.
Bu barədə Qaşım Maqomedov (58 kq) və yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) məlumat veriblər.
Gümüş mükafatçı Q.Maqomedov medalın keyfiyyətinin arzuolunan səviyyədə olmadığını söyləyib:
"İlk günlərdən ona çox diqqətlə yanaşırdım. Medal bütün bu müddət ərzində xüsusi çantada saxlanılırdı. Təxminən iki ay çantada qaldı, yaxınlaşıb baxırdım, bəzən heyran olurdum. Bir neçə gün əvvəl Azərbaycana təlim-məşq toplanışına getməli olanda düşündüm ki, ehtiyat üçün özümlə götürüm. Bəlkə haradasa lazım olar, bəlkə hansısa tədbirdə Gənclər və İdman Nazirliyi və ya Taekvondo Federasiyasından onu özümlə götürməyi deyərlər. Mən onu götürməyi qərara aldım və çantadan çıxaranda gördüm ki, bir az korlanıb. Başa düşə bilmirəm, niyə? Toxunmuram da, əksinə, həmişə ehtiyatla yanaşmışam. Qısası, bəli, mən də bu pis keyfiyyətlə qarşılaşdım".
Bürünc medal əldə edən H.Cəfərov isə medalın üzərindəki müəyyən hissənin qopduğunu diqqətə çatdırıb. O, olimpiadada verilən mükafatın çox keyfiyyətsiz olduğunu vurğulayıb.
Milli Olimpiya Komitəsinin xarici əlaqələr departamentinin direktoru Anar Bağırov "Report"a açıqlamasında Q.Maqomedovla bağlı məsələdən xəbərdar olduqlarını bildirib. O, Həsrət Cəfərov və digər idmançıların medalları ilə bağlı maraqlanacaqlarını diqqətə çatdırıb:
"Yekun araşdırmalardan sonra Beynəlxalq Olimpiya Komitəsinə müraciət olunacaq".
Qeyd edək ki, daha əvvəl 100-dən çox idmançı Paris-2024-də qazandıqları medalları keyfiyyətsiz olması səbəbindən geri qaytarıblar. Yay Olimpiya Oyunları 26 iyul - 11 avqust aralığında təşkil olunub. (report)