Patrik Klyuvertin yeni iş yeri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, o, Avropanı yenə tərk edib.
Niderland yığmasının sabiq hücumçusu İndoneziya yığmasına baş məşqçi təyin edilib. Bu barədə İndoneziya Futbol Assosiasiyası məlumat yayıb.
Məlumatda Klyuvert ilə 2 illik müqavilə imzalandığı, sözləşmənin müddətinin sonradan daha 2 illiyə uzadılması imkanının olduğu da bildirilib. Yığmanın yeni baş məşqçisinə niderlandlı mütəxəssislər Aleks Pastor və Danni Landzat, həmçinin iki indoneziyalı kömək edəcək.
Xatırladaq ki, 48 yaşlı Klyuvertin sonuncu iş yeri “Adana Dəmirspor” olub. O, Türkiyə klubundan əvvəl Amerika qitəsində Kürasao yığmasını çalışdırıb. Klyuvertin futbolçu karyerası ərzində “Ayaks”, “Milan”, “Barselona”, “Nyukasl”, “Valensiya”, PSV və “Lill”də çıxış etdiyini də yada salaq.