EN

Cənubi Qafqazda münaqişələrin yenidən alovlanmasına xidmət edən addım


"Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında müqavilə bölgədə güc balansının dəyişdirilməsinə, daha dəqiqi, Ermənistanın üzərində əl dəyişikliyinə hesablanmış addımdır. Birmənalı şəkildə deyə bilərik ki, imzalanan bu müqavilə iki beynəlxalq hüquq subyektinin bərabərhüquqlu tərəfdaşlığını ehtiva etmir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ABŞ-la Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq sənədini şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki,
yalnız və yalnız ABŞ-in regionda möhkəmlənməsinə və beləliklə də, Cənubi Qafqazda münaqişələrin yenidən alovlanmasına xidmət edir:

"Təsadüfi deyil ki, razılaşmanın mürəkkəbi qurumamış ABŞ artıq gələn həftə Ermənistana "sərhəd təhlükəsizliyini" gücləndirmək məqsədilə xüsusi sərhəd mühafizə qrupu göndərəcək. Bu isə Avropa İttifaqının müşahidə missiyasının ardınca daha bir NATO missiyasının, konkret desək, ABŞ-nin Ermənistanda hərbi mövcudiyyəti deməkdir. Bölgədə əməliyyat şəraitinə nəzarət edən əsas güc mərkəzi kimi, təbii ki, Azərbaycan bütün variantlara hazırdır".

Deputat onu da qeyd edib ki, indiki məqamda, məsələ daha çox şimal və cənub qonşularımız olan Rusiya və İranı narahat etməlidir:

"Xüsusən regionda hər hansı digər qüvvənin mövcudluğuna təmkinlə yanaşmayacağını və bunu özünün qırmızı xətti hesab edən İranın ABŞ-in Ermənistana rəsmən öz hərbçilərini göndərmə niyyətini bəyan etməsi fonunda hələ də susması, yaxud Rusiya sərhədçilərinin ölkədən tədricən çıxarılması fonunda ABŞ-dən olan sərhədçilərin bu ölkənin ərazisinə gətirilməsinə Rusiyanın hələ ki, aydın mövqe ifadə etməməsi ciddi suallar meydana çıxarır. Beləliklə, bütün bunlar bir daha göstərməkdədir ki, ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq müqaviləsi bölgəyə təhlükəsizlik, dayanıqlı sülh və sabitlik adına yaxşı heç nə vəd etmir, əksinə Ermənistanın özünü qütblərarası savaşın əsas toqquşma nöqtəsinə çevirə bilər".

Süleyman
Chosen
3
50
newscenter.az

10Sources