Almaniyanın Köln şəhərində məhkəmə “Dubai Chocolate” adı ilə satılan şokoladların satışını qadağan edib.
XALQ.AZ “Sözcü” qəzetinə istinadən xəbər verir ki, bu qərara səbəb şokoladın Türkiyədə istehsal olunması olub.
Belə ki, Almaniyanın “Aldi Süd” supermarketlər şəbəkəsi tərəfindən satışa çıxarılan “Alyan Handmade Dubai Chocolate” adlı məhsul iş adamı Andreas Wilmersin şikayəti əsasında yoxlanılıb. Wilmers şokoladın qablaşdırmasında “Dubay şokoladı” ifadəsinin olmasına baxmayaraq, əslində onun Türkiyədə istehsal olunmasının istehlakçıları yanıltdığını bildirib.
Məhkəmə məhsulun adını qiymətləndirərkən, “İstehlakçı şokoladın “Handmade Dubai Chocolate” ifadəsindən Dubayda istehsal olunduğunu güman edir” deyib. Qablaşdırmada kiçik hərflərlə yazılmış “Origin: Türkiye” ifadəsinin bu yanlış təsəvvürü düzəltmək üçün kifayət etmədiyi qərara alınıb.
Nəticədə məhsulun satışına qadağa qoyulub və Aldi Süd-ə iddiaçının məhkəmə xərclərini ödəmək tapşırılıb.