EN

Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan yaşıl enerji layihələri regionun davamlı inkişafını təmin edəcək

Bu gün Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycan torpaqlarının işğaldan azad olunmasının sevincini və qürurunu yaşayır. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Artıq böyük inkişafın təməlləri atılır və məqsəd də regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Bütün dünya 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda canlanmanın və məskunlaşmanın şahididir.

Prezident İlham Əliyevin Sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edərək dövlətimizin Qarabağın və  Şərqi Zəngəzurun dirçəlişində,  əhalinin dayanıqlı məskunlaşmasında və davamlı iqtisadi inkişafın təmin olunmasında məqsədyönlülüyünün göstəricisidir. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol infrastrukturunun yaradılması istiqamətində həyata keçirilən layihələr çərçivəsində tunellər və körpülər inşa edilir, polad magistrallar çəkilir, bütün elektrik təsərrüfatı yenidən qurulur.

Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan yaşıl enerji layihələri  regionun davamlı inkişafını təmin edəcək digər sahələrin də inkişafına təkan verir. Bu baxımdan yeni yaradılan Qarabağ Universiteti də şübhəsiz ki, regionda tarixən mövcud olmuş təhsil mühitini yenidən canlandıracaq. Qarabağ Universiteti yenilikçi bir iqtisadiyyatın əsas lokomotivlərindən olmaqla yanaşı, ölkənin elmi və texnoloji inkişafına təsir göstərməsi, innovasiya sahəsində mövqeyini gücləndirməsi, yüksəkixtisaslı kadrların hazırlanmasında və sosial-iqtisadi siyasətin həyata keçirilməsində mühüm rol oynayacaq.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Azad edilmiş ərazilərdə beynəlxalq hava limanlarının istifadəyə verilməsi isə Böyük Qayıdış Proqramının daha da sürətlənməsini təmin edir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə 2020-ci ildən başlayaraq ümumilikdə 22 milyard manata yaxın, o cümlədən 2025-ci ildə 4 milyard manat vəsait ayrılıb.

Həyata keçirilən və keçiriləcək məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir, habelə həmin ərazilərin yüksək inkişaf etmiş regiona çevrilməsi üçün sağlam bünövrə yaradır. İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Dövlət Proqramının icrası qoyulan hədəflər nəzərə alınmaqla monitorinq olunacaq. Monitorinq məqsədilə tədbirlər üzrə ilkin, aralıq və yekun nəticələr müəyyən edilir.

2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağa və Şərqi Zəngəzura 140 min insanın köçürülməsi planlaşdırılır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir əyani göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda həmin ərazilərə köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə 30 minə yaxın insan yaşayır.

Dövlətimizin başçısı İlham Əliyev “Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik” söyləməklə növbəti hədəfimizin də tezliklə reallığa çevriləcəyinə əminliyini ifadə edir. Hər zaman irəliyə baxan, zamanı qabaqlamağa səy göstərən və buna nail olan  Azərbaycan bu gün yeni dövrün hədəfləri ilə dünyanın diqqətindədir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Chosen
7
ikisahil.az

1Sources