Kubanın İnqilabçı Silahlı Qüvvələri Nazirliyi yanvarın 7-də adanın şərqindəki Olqin şəhərindəki sursat anbarında baş verən partlayışlar nəticəsində 13 hərbçinin öldüyünü təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, onlar daha əvvəl itkin düşmüş elan ediliblər.
Nazirliyin rəsmi “Granma” qəzetinin dərc etdiyi bəyanatında bildirilir ki, “insidenti araşdırmaq üçün yaradılmış xüsusi komissiya digər ekspertlərlə birlikdə belə nəticəyə gəlib ki, olay yerinə daxil olmaq mümkün deyil və hadisə yerində sağ qalan olmayıb”.
"Məlumat dərc edildikdə, bu hadisənin son nəticəsi barədə onların qohumlarına məlumat vermək qərara alınıb və bununla əlaqədar 13 yoldaşımızın öldüyü rəsmi olaraq elan edildi", - bəyanatda deyilir.
Bəyanatda ölənlərin adlarının siyahısı verilib.