EN

9 və 11-ci siniflərə davamiyyətdə ciddi nəzarət edilməlidir

“İmtahanlardan sonra məktəbə davam etməyin əhəmiyyəti azalır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Sevinc Purkeştasib bildirib.

 

Müsahibimiz qeyd edib ki, açıq tipli sualların yoxlanılması bir ay vaxt alır. Buna görə də vaxt itirməmək üçün imtahanlar tez keçirilir:

 

“Buraxılış imtahanlarının erkən keçirilməsinin əsas səbəbi Dövlət İmtahan Mərkəzinin açıq tipli sualların yoxlanılmasına kifayət qədər vaxt ayırma ehtiyacıdır. Belə ki, buraxılış imtahanları mart ayında 11-ci siniflər, aprel ayında isə 9-cu siniflər üçün keçirilir və yalnız həmin siniflərin keçdikləri mövzuları əhatə edir. Yəni, imtahanda hələ öyrənilməmiş mövzular üzrə suallar verilmir”.

 

S. Purkeştasibin sözlərinə görə, buraxılış siniflərində davamiyyət zəifdir. Buna görə də 9 və 11-ci siniflərdə davamiyyətə ciddi nəzarət edilməsini tövsiyə edir:

 

“İmtahan yaxınlaşdıqca isə riyaziyyat, Azərbaycan dili və ingilis dili fənlərinə daha çox diqqət ayrılmalı, bu fənlərin tədrisinə əlavə vaxt sərf edilməlidir. Lakin bunu dövlət məktəblərində həyata keçirmək çətin olur. Özəl məktəblərdə isə bu sistem daha uğurla tətbiq edilir. Məsələn, buraxılış imtahanlarına bir ay qalmış əlavə dərslər keçirilir və tədris proqramı tam şəkildə başa çatdırılır.

 

Bununla yanaşı, may ayından etibarən blok (qəbul) imtahanları keçirilir. İlk cəhd mayda, ikinci cəhd isə iyulda təşkil olunur. İyul ayında ikinci cəhd imtahanlarından bir həftə sonra nəticələr elan edilir. Lakin buraxılış imtahanlarında açıq tipli sualların yoxlanılması daha uzun müddət tələb edir. Buna görə də Dövlət İmtahan Mərkəzi bu imtahanların erkən keçirilməsini məqsədəuyğun hesab edir".

 

Ekspertin fikrincə, məktəblər davamiyyətə ciddi nəzarət etsə, imtahana qədər proqramı tamamlamaq mümkün olar:

 

“Bununla belə, imtahanların erkən keçirilməsini düzgün hesab etmirəm, çünki imtahanlardan sonra məktəbə davam etməyin əhəmiyyəti azalır. Xüsusilə 9-cu siniflər üçün bu vacibdir. Yuxarıda qeyd etdiyim kimi, açıq sualların yoxlanılması bir ay vaxt alır. Bunun üçün də bir ay vaxt qazanmaq məqsədilə imtahan tez keçirilir. Xarici və beynəlxalq təhsil sistemlərinə nəzər saldıqda, bu prosedurların oxşar şəkildə tətbiq edildiyini görmək mümkündür. Son olaraq qeyd etməliyəm ki, dünya təhsil sistemində buraxılış imtahanları hər bir ölkənin təhsil sisteminə uyğun olaraq tez keçirilir”.

Chosen
14
azedu.az

1Sources