EN

“Rafael Ağayev istefa vermək istəyirsə, bu şəxsi qərarıdır”

“Rafael Ağayev Azərbaycan Karate Federasiyasının deyil, “Azərbaycan Milli Karate Federasiyası” İctimai Birliyinin vitse-prezidentidir”.

Msport.az xəbər verir ki, bunu Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Füzuli Musayev deyib.

O bildirib ki, əvvəllər Azərbaycanda çoxsaylı federasiyalar olsa da, son illər Gənclər və İdman Nazirliyinin apardığı idman siyasəti və İdman qanunu haqqında Azərbaycan Respublikasının qanununa görə bir idman növü üzrə yalnız bir federasiya akkreditasiyadan keçə bilər: “Karate üzrə də ölkəmizdə tək Azərbaycan Karate Federasiyası akkreditasiyadan keçib. 1992-ci ildə biz – yəni Füzuli Musayev, Ülvi Quliyev, Əhməd Hətəmov, Mirəli Seyidov, Yaşar Bəşirov və digərləri ilə Azərbaycan Karate-Do Federasiyası yaratmışdıq. 1997-ci ildə federasiyaların sayının artmasından sonra vahid Azərbaycan Karate Federasiyalar Assosisasiyası formalaşdı. Bura çoxsaylı federasiyalar daxil idi. Qanunda isə hər idman növü üzrə 1 federasiya nəzərdə tutulurdu. İndi də bu tətbiq olunub. Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən çoxsaylı federasiyalar var, amma onların heç biri Gənclər və İdman Nazirliyi tərəfindən akkreditasiyadan keçməyib. Ona görə də rəsmi fəaliyyət göstərə bilməzlər”.

Musayev qeyd edib ki, Azərbaycan Karate Federasiyasının tərkibində 6 keçmiş federasiya üslub kimi fəaliyyət göstərir: “Onlardan biri də “Azərbaycan Milli Karate Federasiyası” İctimai Birliyidir. Amma o da digər status almamış federasiyalar kimi bizdə üslub olaraq (idman karatesi) qeydə alınıb. Həmin ictimai birliyə də Yaşar Bəşirov rəhbərlik edir. Bizim çox hörmətli idmançımız, fəxrimiz, mənim tələbəm Rafael Ağayev çıxışlarında idmançı karyerasını bitirəcəyini və federasiyada çalışmaq istədiyini bildirdi. Ona baş məşqçi kimi fəaliyyət göstərmək təklif edildi, ancaq müəyyən səbəblərdən istəmədi. Ona “Milli Karate Federasiyası” İB-də vitse-prezident kimi qalmaq təklif edildikdə qəbul etdi. Həmin İctimai Birlik bu gün bizim tərkibimizdədir. Onun rəhbəri Yaşar Bəşirov iclas keçirəndə Rafael Ağayevi çağırar, ya çağırmaz, ona biz heç nə edə bilmərik. Rafael Ağayev bizim öz federasiyamızın tədbirlərində dəvət edilir. İclaslarımızda isə ancaq rəhbərlik və üzvlərimiz iştirak edir. Buraya heç kim dəvətlə çağırılmır, ümumi elan olunur və hamı iştirak edir. Rafael Ağayev istefa vermək istəyirsə, bu şəxsi qərarıdır. Amma mən heç vaxt onun ayrılmasını istəməzdim . Biz danışanda dedim ki, Rafael, görüşərik. Mən düşünürəm ki, Rafael kimi idmançını, karatemizin simasını heç vaxt heç kim itirmək istəməz. Çünki Rafael dünyada tanınmış idmançıdır. Onun hər zaman yanımızda yeri var, düşünürəm ki, bunların hamısı düzələcək. Biz Allahın köməkliyi ilə ondan faydalı istifadə edəcək, Azərbaycanın gələcək karateçilərini də Rafaellə birgə yetişdirəcəyik”.

Qeyd edək ki, Rafael Ağayev Azərbaycan Karate Federasiyasının vitse-prezidenti postundan istefa verəcəyini açıqlayıb. Bu barədə o, “Sportlife TV” kanalına müsahibəsində bildirib.

Chosen
2
6
msport.az

10Sources