EN

Əhalinin NƏZƏRİNƏ! Bu il də inflyasiya yüksək olacaq, devalvasiya isə...

2024-cü ilin inflyasiyası açıqlanıb.

Musavat.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda illik inflyasiya 4,4 faizdən 4,9%-ə artıb.

Qeyd edilib ki, 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2023-cü ilin dekabr ayına nisbətən 4,9 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 5,5 faiz, qeyri-qida məhsulları üzrə 2,4 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,3 faiz artıb. Qeyd edək ki, noyabrda illik inflyasiya 4,4 faiz olmuşdu. 2024-cü ilin dekabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,2 faiz yüksəlib.

2024-cü ilin dekabr ayında qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artıb.

Cari ilin dekabr ayında əvvəlki aya nisbətən qida məhsullarından daha çox bahalaşma uzun və yumru düyünün, mal və qoyun ətinin, balıq və balıq məhsullarının, südün, qatığın, şorun, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, almanın, heyvanın, narın, üzümün, qozun, fındığın, şabalıdın, göyərtinin, pomidorun, xiyarın, şirin bibərin, sarımsağın, soğanın, kartofun, qara və yaşıl çayın, ucuzlaşma isə qarabaşaq yarmasının, limonun, portağalın, naringinin, süfrə çuğundurunun, yerkökünün qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin dekabr ayında qeyri-qida malları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6 faiz artıb. Dekabr ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından bahalaşma məişət cihazlarının və şəxsi gigiyena məmulatlarının, ucuzlaşma isə kəsilmiş taxtanın, ortopedik döşəklərin, fərdi kompüter və noutbukların qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2024-cü ilin dekabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,3 faiz, yanvar-dekabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faiz artıb. Dekabr ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən stomatoloji xidmətlərin, restoran və kafelər tərəfindən göstərilən iaşə xidmətlərinin, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İnflyasiya 2025-ci ildə də davam edəcəkmi? Qiymət artımları nə zamana kimi davam edəcək? Bəzi ekspertlər devalvasiyanın olacağını da proqnozlaşdırıdı, hökumətin bununla bağlı qabaqlayıcı tədbirləri qarşısını ala biləcəkmi?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb:

1625720206_xalid.jpg

“İnflyasiya 2025-ci ildə də davam edəcək, azı 4-5 faiz inflyasiya olacaq. Mərkəzi Bankın yaxşı inflyasiya hədəfi var ki, bu da 4-6 faiz arası dəyişir, 4 ± 2 faiz. Yəni, inflyasiya həmişə olacaq. İnflyasiya olmasa da, hökumət özü yaranacaq. Çünki 3-4 faizlik inflyasiya yaxşı hesab olunur, iqtisadiyyatı aktivləşdirir, sürətləndirir, insanları pul xərcləməyə çağırır. İnflyasiyanın artmasına bir səbəb də ötən ilin yayında dizel və benzinin qiymətini qaldırılması oldu. Biz həmişə deyirik ki, enerji qiymətlərinin artırılması inflyasiya yaradır. İkinci məqam, bu ilin əvvəlində istiliyin, qazın, suyun qiyməti artırıldı. Bu da inflyasiya yaradır. Minimum əmək haqqı artırılması, orta əmək haqqının artırılması birmənalı olaraq inflyasiya yaradır.

Yəni, bu ilin əvvəlində kommunal xərclərin artması, eyni zamanda əmək haqqı artımları, pensiya artımları inflyasiyaya təsir göstərəcək. İnflyasiya növbəti ildə də olacaq, amma 4-5% inflyasiya pis sayılmır, 2023-də inflyasiya təxminən 9%-ə yaxın idi. Ondan əvvəlki illərdə isə 12-13% idi. Ərzaq inflyasiyası 20%-dən yuxarı olmuşdu. Amma 4% hökumət üçün məmnunedici nəticədir”.

Ekspert devalvasiya ilə bağlı proqnozlara da münasibət bildirib: “Kommunal xərclərin qiymətinin artırılması ümid verir ki, devalvasiyaya qarşı önləyici tədbir də görüləcək. Bir tərəfdən, insanların xərcləri artır, bu isə pul təklifini azaldır və inflyasiyanın böyük artımına yol vermir. Beləliklə, insanların gəlirlərinə təsir göstərir və dövlət gəlirini artırır, kommunal xərclərdən daha çox fayda əldə edilir. Bu da inflyasiya ehtimallarını aşağı salmağa kömək edir. Devalvasiya ehtimalları barədə, Mərkəzi Bankın rəhbərləri ilə görüşlərdən və rəsmi şəxslərlə qeyri-formal müzakirələrdə bu sualları şəkildə müzakirə edə bilirik. Amma bundan təsirlənməyərək də deyirəm ki, bu, birbaşa iki məsələdən, birincisi tədiyyə balansındakı vəziyyətdən, əsas da neft və qazın qiymətlərindən asılı olacaq. Yəni, neft-qaz gəlirlərinin kəskin azalması bu prosesdə məcburiyyət yaradacaq. İkinci məqam isə insanların spekulyativ dollar almasından asılı ola bilər. Əgər əhali böyük həcmdə dollar almağa davam edərsə, bu, dövlətin əlavə kapital axını vasitəsilə təsirinə səbəb olur. Yəni, tədiyyə balansında vəziyyət pis olmadıqca, profisitli olduqca, dövlət devalvasiyaya məcbur qalmır. Ehtimalım budur ki, neft bazarında ciddi kataklizmlər baş verməzsə, qiymətlərdə ciddi problemlər olmazsa, bu il devalvasiyadan yayınmaq mümkün olacaq”.

Chosen
1
6
ekologiya.az

10Sources