EN

ABŞ tarixində nadir andiçmə mərasimi – Dünyanı bu suallar düşündürür

Bəlkə də ABŞ tarixində nadir andiçmə mərasimlərindən birini izlədik. Donald Tramp Amerikanın siyasi ənənələrini dağıtmaqda davam edir. 

Bu sözləri News24.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Tramp andiçmə mərasimində arxasında oturan artıq keçmiş prezident Cozef Baydenin adını çəkmədən onun qərarlarını yıxdı-sürüdü. 

“Çoxlarını düşündürən sual budur: Tramp verdiyi çoxsaylı vədlərin nə qədərini yerinə yetirə biləcək? Misal üçün Ağ Evin yeni sahibi Panama dövlətini ərazisindəki kanalı ABŞ-yə təslim verməsini necə təmin edəcək? Panamaya təzyiq edəcək, yoxsa bu alınmadıqda ordunu ora göndərəcək? Və ya andiçmə mərasimində Meksika körfəzini Amerika körfəzi adlandıracağını xatırlatdı. Bunun Amerika üçün əhəmiyyəti nə qədərdir?” – deyə o əlavə edib. 

E.Şahinoğlu vurğulayıb ki, Tramp andiçmə mərasimində xüsusi olaraq Rusiya-Ukrayna müharibəsi barədə danışmasa da, dünyadakı müharibələri bitirəcəyini vəd etdi: 

“Trampı Ukraynanın və Avropanın taleyi maraqlandırmır. Tramp müşavirlərinə və dövlət katibinə Rusiya-Ukrayna müharibəsində ilkin mərhələdə atəşkəsə nail olmağı tapşıracaq və bunu xarici siyasətdə qələbəsi kimi təqdim edəcək. Rusiya prezidenti Vladimir Putin andiçmə mərasimindən əvvəl Trampı prezident seçilməsi münasibətilə təbrik edib. Bu o deməkdir ki, Putin Trampla görüşməyə hazırdır. Putin sanksiyalardan qurtulmaq və Trampla Avropa dövlətləri arasında ixtilafı dərinləşdirmək üçün Ağ Evin yeni sahibinin atəşkəs tələbini qəbul edə bilər”.

Aynurə

Chosen
9
news24.az

1Sources