EN

Yanvarda ÇL oyunu izləməyə hazırsızmı?! - YENİLƏNİR

Yeni format sayəsində bu mövsüm Çempionlar Liqasında fasilə o qədər də uzun çəkmədi. Turnirin tarixində ilk dəfə yanvarda oyunlar keçiriləcək!

"Football-plus.az" xəbər verir ki, bu gün və sabah əsas mərhələnin 7-ci turunun görüşləri baş tutacaq. Hələ ki yalnız “Liverpul” birbaşa 1/8 finala vəsiqəni təmin edib. Bu tur belə klubların sayının artacağını güman etmək olar.

“Barselona” üçün uğursuz və çətin rəqib
İlk oyun gününə Berqamo və Monakoda start veriləcək. Canpyero Qasperininin komandası son tur ərəfəsində ilk “8-liy”ə düşmək üçün əla fürsət əldə edib. Bunun üçün ötən mövsümdəki uğuru təkrarlamaq və “Şturm”u evdə yenmək tələb olunur. 2023/24-də AL-in qrup mərhələsində “Atalanta” bu rəqibi evdə minimal hesabla məğlub etmişdi. Qrats təmsilçisi indiyə qədər İtaliya klublarına qarşı keçirdiyi 14 matçın yalnız birində qalib gəlib (6 heç-heçə, 7 məğlubiyyət). “Monako” üçün mövsüm həm daxili birincilikdə, həm də ÇL-də yaxşı start götürmüşdü. Amma sonradan vəziyyət qəlizləşdi. Hərçənd komanda son 2 turdan xalsız ayrılmasına baxmayaraq, hələ də ilk “8-lik” şansı itirilməyib. Amma “Aston Villa” da eyni hədəf uğrunda mübarizə aparır. Unay Emerinin komandası bu mövsüm artıq iddialılara qarşı necə oynamağı bacardığını göstərib. Ona görə də hər iki kollektiv üçün çox çətin bir oyun olacaq. Yaxşı sürət yığan və 2025-də keçirdiyi hər üç oyunda qalib gələn “Ştutqart” pley-off şansını itirən “Slovan”ı yenəcəyi təqdirdə turnir cədvəlində vəziyyətini xeyli yaxşılaşdıra bilər.

“Yuventus”u çətin Belçika səfəri gözləyir. Çünki “Brügge” oktyabrda səfərdə “Milan”a 1:3 uduzandan bəri keçirdiyi 18 rəsmi qarşılaşmanın heç birində məğlub olmayıb (15 qələbə, 3 heç-heçə). 2005/06-da “Yuve” bu rəqibi ÇL-in qrupunda həm evdə, həm də səfərdə məğlub etmişdi. Bu, “qoca sinyora”nın Belçika təmsilçilərinə qarşı keçirdiyi son oyunlardı. İlk oyun gününün ən maraqlı qarşılaşmalarından biri Madriddə keçiriləcək. Son 11 rəsmi oyunun hamısından qələbə ilə ayrılan “Bayer-04” “Atletiko”nun qonağı olacaq. Əslində “hindular” da əla göstəriciyə - 15 oyunluq qələbə seriyasına malik idi. Amma bu seriya ötən həftəsonu sürpriz şəkildə “Leqanes”lə oyunda (0:1) başa çatdı. Bu şok məğlubiyyətin “Atletiko”ya necə təsir edəcəyini məhz qarşıdakı oyun göstərəcək. Bu komandaların indiyə qədər baş tutan 10 oyununda tərəflər hərəyə 3 qələbə qazanıb. 1-ci turda “Monako”ya uduzandan sonra ardıcıl 5 qələbə qazanan və pley-offu təmin edən “Barselona” bu dəfə birbaşa 1/8 finala vəsiqəni təmin etməyə çalışacaq. Amma Lissabonda “Benfika”nı yenmək hər oğulun işi deyil. Özü də nəzərə alaq ki, Kataloniya nəhəngi bu rəqibə qarşı keçirdiyi son 3 oyunun hər birində qola və qələbəyə həsrət qalıb (2 heç-heçə, 1 məğlubiyyət)! Bu mövsüm nəhənglərin qəniminə çevrilən və tura 8-ci pillədə daxil olan “Lill”in “Enfild”də necə təsir bağışlayacağı maraq doğurur. “Borussiya” bundesliqadan fərqli ÇL-də heç də sürünmür. Ona görə də dortmundluları hesabında cəmi 2 xal olan “Bolonya” ilə səfər oyununda favorit saymaq olar. Maraqlıdı ki, 1970-dən bəri “Bolonya”nın yolu avrokuboklarda heç vaxt Almaniya klubları ilə kəsişməyib.


PSJ uçurumun kənarındadı
İkinci oyun günü Almaniyadakı qarşılaşmalarla start götürəcək. “Şaxtyor” Helzenkirhendə hələ ki mövsümün əsas sürprizi sayılan “Brest”ə gücünü göstərməyə çalışacaq. ÇL-in debütantı olan “Brest”in hazırda 7-ci pillədə qərarlaşdığını xatırladaq. Mövsümün əsas fiaskosu kimi isə “Leyptsiq”i qeyd etmək olar. Bu komandanın ilk 6 turu xalsız tamamlayacağını az adam proqnozlaşdırardı. “Öküzlər” son 2 turda yalnız nüfuz üçün oynayacaqlar və bu həftə “Sportinq”ə qarşı ilk xalları qazanmağa çalışacaqlar. “Milan” və “Liverpul”a qarşı məğlubiyyətlərdən sonra çox çətin duruma düşən “Real” ən vacib məqamda xarakter nümayiş etdirərək səfərdə “Atalanta”nı yenməyi bacardı. ÇL-in son qalibi bu zəfər sayəsində turnir cədvəlində durumunu bir qədər yaxşılaşdırsa da, komandanın yenə də qələbəyə ehtiyacı var. Amma bu dəfə Ançelottinin komandasının işi nisbətən asan olacaq. Çünki “Bernabeu”ya mövsümü zəif keçirən “Zaltsburq” təşrif buyuracaq. Bu, “kral klubu”nun XXI əsrdə Avstriya təmsilçisinə qarşı ilk dueli olacaq.

6-cı turun ən böyük maraqla gözlənilən oyunu Parisdə baş tutacaq. Oyuna prinsipiallıq qatan məqam odu ki, həm PSJ-nin, hım də “Mançester Siti”nin şiddətli dərəcədə xallara ehtiyacı var. Xüsusilə tura 25-ci pillədə daxil olan Paris nəhəngi fanatları önündə uduzacağı təqdirdə “24-lük”dən kənar qalmaq təhlükəsi ilə üzləşəcək. 13 oyuna cəmi 1 qələbə qazandığı ağlasığmaz eniş dönəmini geridə qoyan və son 6 rəsmi oyunda 22 qol vuraraq 5 qələbə qazanan “Siti” artıq dirçəlib. Bundan başqa, statistika da PSJ-nin xeyrinə deyil. Paris nəhəngi indiyə qədər “Siti”yə qarşı keçirdiyi 7 oyunun yalnız 1-də qalib gəlibsə, İngiltərə təmsilçilərinə qarşı keçirdiyi son 4 oyundan 1 heç-heçə, 3 məğlubiyyətlə ayrılıb. Ötən tur Leverkuzendə həm ilk məğlubiyyətlə üzləşən, həm də ilk qolunu buraxan “İnter” bunun acığını “Sparta”dan çıxmağa çalışacaq. Son 4 turda məğlub olan və bu müddətdə 17 top buraxan Çexiya çempionu psixoloji cəhətdən yaxşı dönəmdən keçmir. Həm “İnter”in, həm də fanatları önündə Zaqreb “Dinamo”sunu qəbul edəcək “Arsenal”ın büdrəyəcəyi inandırıcı görünmür. İlk 6 turun hamısında uduzmaqla İsveçrə klublarının bu turnirdəki antirekordunu yeniləyən “Yanq Boyz” bu seriyaya Qlazqoda son qoymağa çalışacaq. Amma “Seltik”in nəinki “24-lüy”ə, hətta “8-liy”ə düşmək şansı da davam edir. Həm özü oynayan, həm də rəqiblərə oynamaq imkanı verən “Feyenoord”un evdə “Bavariya”ya qarşı dueli maraq doğurur. Bu mövsüm Rotterdam klubunun iştirakı ilə keçirilən 6 oyunda qapılara artıq 29 qol vurulub! “Bavariya”nın XXI əsrdə erediviziya təmsilçilərinə uduzmadığını da bildirək (8 oyun, 4 qələbə, 4 heç-heçə). 2002/03-dən bəri ilk dəfə ÇL-in bir mövsümündə 4 oyunluq qələbə seriyası yaxalayan “Milan” uğurunu “Jirona” ilə qarşılaşmada davam etdirməyə çalışacaq. Amma “rossonyerlər”in evdə İspaniya klublarına qarşı son 10 qarşılaşmanın yalnız birində qalib gəlməsi diqqəti çəkir (5 heç-heçə, 4 məğlubiyyət).

21 yanvar
Atalanta – Şturm

Cəzalı: yoxdu
Hakim: Donatas Rumşas (Litva)

Monako – Aston Villa
Cəzalı: yoxdu/Dieqo Karlos
Hakim: Slavko Vinçiç (Sloveniya)

Slovan – Ştutqart
Cəzalı: yoxdu
Hakim: Kris Kavana (İngiltərə)

Brügge – Yuventus
Cəzalı: yoxdu
Hakim: Benua Bastyen (Fransa)

Atletiko – Bayer-04
Cəzalı: yoxdu
Hakim: Davide Massa (İtaliya)

Benfika – Barselona
Cəzalı: yoxdu
Hakim: Danni Makkeli (Niderland)

Liverpul – Lill
Cəzalı: yoxdu
Hakim: Feliks Svayer (Almaniya)

Bolonya – Borussiya D
Cəzalı: yoxdu/Bensebayni
Hakim: Sərdar Gözübüyük (Niderland)

Srvena Zvezda – PSV
Cəzalı: yoxdu/Dams, Tillman
Hakim: İştvan Kovaç (Rumıniya)

22 yanvar
Leyptsiq – Sportinq
Cəzalı: yoxdu
Hakim Manfredas Lukyançukas (Litva)

Şaxtyor – Brest
Cəzalı: Pedro Enrike/Kardinal
Hakim: Sandro Şerer (İsveçrə)

Real – Zaltsburq
Cəzalı: Vaskes/yoxdu
Hakim: Qlenn Nüberq (İsveç)

PSJ – Mançester Siti
Cəzalı: yoxdu
Hakim: Şimon Marçinyak (Polşa)

Sparta – İnter
Cəzalı: yoxdu
Hakim: Alexandro Ernandes (İspaniya)

Arsenal – Dinamo Z
Cəzalı: yoxdu
Hakim: Daniel Zibert (Almaniya)

Seltik – Yanq Boyz
Cəzalı: yoxdu
Hakim: Rohit Saqqi (Norveç)

Feyenoord – Bavariya
Cəzalı: yoxdu
Hakim: Fransua Letesye (Fransa)

Milan – Jirona
Cəzalı: Tomori/yoxdu
Hakim: Tobias Ştiler (Almaniya)

Chosen
22
football-plus.az

1Sources