EN

“Napoli” və “İnter” üçün düşərli tur - İCMAL

Yanvarın 10-da A seriyasında 20-ci tura start verildi. İkinci dövrənin əvvəli “Napoli” və “İnter” üçün ikiqat düşərli oldu. Lider qələbə qazanmaqla mövqeyini möhkəmləndirdi, son çempion isə “Atalanta”nın büdrəməsindən yararlanaraq 2-ci yerə çıxdı.
[/b]
“Napoli”nin evdə “Verona”dan maksimum xal alacağı gözlənilirdi. Antonio Konte matçdan əvvəl Kvaratsxeliyanın meydanda görünməyəcəyinə işarə vurmuşdu. Baş məşqçi ilə söhbətində bu ay klubu tərk etmək istəyini etiraf edən gürcüstanlının adı oyun üçün iştirak ərizəsinə belə yazılmamışdı. Beləliklə, neapollular növsümün qalan hissəsini PSJ-yə keçidi gözlənilən aparıcı hücumameyilli oyunçusuz keçirməli olacaq. Cənubluların Xviçasız çempionluq yarışında nə vaxta qədər olacaqlarını demək çətindi. Hələlik isə “Napoli” öz meydanında autsayderlərdən olan “Verona”ya 2:0 hesabı ilə qalib gəlməklə liderliyini qorudu.

Tura liderin əsas izləyicisi kimi başlayan “Atalanta” yenə qələbə qazana bilmədi. Bunu hardasa ehtimal etmək olardı. Can Pyero Qasperininin komandası mövsümü yaxşı keçirən “Udineze”dən səfər matçında bir xal ala bildi. Hücumda zəif təsir bağışlayan berqamolular bu planda ideyasız komandanı xatırlatdılar. Udinelilər isə xüsusilə ilk hissədə bir neçə dəfə hesabı açmağa yaxın oldular. Lakin Karnesekkinin qoruduğu qapıya heç cür yol tapa bilmədilər. “Atalanta”nın qapıçısını əminliklə matçın ən yaxşı oyunçusu adlandırmaq olar. İlk hissədə qapı dirəyi və tirinin də qonaqları real qollardan xilas etdiyini vurğulamalıyıq. Ev sahibləri fasilədən sonra yaddaqalan hücum təşkil edə bilməsələr də, onların qələbəyə layiq olduqlarını ədalət naminə qeyd edək. Ardıcıl ikinci heç-heçə çempionatda məğlubiyyətsiz seriyası 14 oyuna (11 qələbə, 3 heç-heçə) çatan “Atalanta”nı cədvəlin 3-cü pilləsinə saldı.
Ona görə ki, “İnter” Venetsiyadan Milana maksimum xalla qayıtdı. İtaliyanın son çempionu oyun planında üstünlüklərinə baxmayaraq, autsayderlər qrupundakı rəqibini bir qolla məğlub etdi. Simone İnzaqinin komandası A seriyasında ardıcıl 5-ci qələbə ilə liderin əsas izəyicisinə çevrildi. Qeyd edək ki, “Napoli”dən iki oyun az keçirən “İnter” itirilməyən xallara əsasən çempionatın potensial lideridi.

Liqanın bir sıra əsas iddiaçıları hesabat turunu bir xalla başa vurdular. “Latsio”nun öz meydanında “Komo”ya qalib gələ bilməməsi bir qədər gözlənilməz oldu. Amma bu da var ki, ev sahibləri Çaunanın 58-ci dəqiqədə qırmızı vərəqə almasına görə yarım saatdan artıq azlıqda oynamalı oldular. Marko Baroninin komandasının qələbəsiz seriyası 3 oyuna çatsa da, romalılar 4-cü yerdəki mövqeyini qorudular.

“Latsio” bu mövsüm A seriyasında 3-cü dəfə heç-heçə oynadı. “Yuventus” isə çoxdan bu sindroma tutulub. Turinlilər derbidə həmşəhərliləri ilə də “sülh”ə razılaşdılar – 1:1. Zarafat deyil, bu mövsüm çempionatda məğlub olmasa da, 12 dəfə heç-heçə edən Tyaqo Mottanın komandası ilk 19 matçda 33 xal toplaya bilib. “Yuventus” sonuncu dəfə ilk dövrədə bundan az xalı (31) 2010/11 mövsümündə qazanıb və çempionatı 7-ci yerdə başa vurub.
İtaliyanın digər nəhəngi də qeyri-sabit çıxışını davam etdirir. Bir neçə gün əvvəl “Yuventus” (2:1) və “İnter”ə (3:2) qalib gəlməklə ölkə superkubokunu qazanan “Milan” azarkeşlərini çox ümidləndirmişdi. Lakin baş məşqçi vəzifəsində ilk iki oyuna titul sahibi olan Serjio Konseysaonun yeni komandası ev oyununda “Kalyari”dən bir xal ala bildi. 1:1 hesabı həm milanlıların iki ağır oyunda böyük enerji itirməsinin, həm də qapıçı Menyanın kobud səhvə yol verməsinin nəticəsi oldu.

Paytaxtın eyniadlı komandası da turu bir xalla başa vurdu. “Roma” Bolonyada hesabı açsa da, birsaatlıq mübarizə arxada qalandan sonra 4 dəqiqə ərzində topu qapısında iki dəfə gördü. Klaudio Ranyerinin komandası məğlubiyyətdən yalnız son saniyələrdə penalti ilə qurtula bildi.

[b]20-ci tur
Latsio – Komo 1:1
Dia, 34 – Kutrone, 72. (40000)
Latsio: Provedel, Luka Pelleqrini (Tavareş, 60), Romanyoli, Jiqo, Latsari (Maruşiç, 60), Rovella, Genduzi, Dele-Başiru, Çauna, İsaksen (Hüsay, 73), Dia.
Udineze – Atalanta 0:0
(21727)
Atalanta: Karnesekki, Kolaşinats, Cimşiti (Hin, 24), Skalvini (Kossunu, 46), Zappakosta Ederson, Bellanova, De Roon, De Ketelare (Breşianini, 82), Paşaliç (Zanyolo, 62), Lukman (Samarciç, 62).
Torino – Yuventus 1:1
Vlaşiç, 45+2 – Yıldız, 8. (27014)
Yuventus: Di Qreqorio, Makkenni, Kalulu, Qatti, Savona (Kambyaso, 71), K.Türam, Duqlas Luis, Mbanqula (Vea, 77), Koopmeyners, Yıldız, Qonsales.
Milan – Kalyari 1:1
Morata, 51 – Zortea, 55. (69263)
Milan: Menyan, Ernandes, Tiav, Tomori, Kalabriya (Ximenes, 63), Reynders, Musa (Abraham, 62), Fofana, Pulişiç, Leao (Omoreqbe, 88), Morata.
Venetsiya – İnter 0:1
Darmian, 16. (12048)
İnter: Zommer, Auqusto, De Vrey, Darmian, Bastoni, Dyumfris (Pavar, 76), Barella (Dimarko, 83), Zyelinski, Asllani (Frattezi, 63), Lautaro Martines (Arnautoviç, 63), M.Türam (Taremi, 63).
Bolonya – Roma 2:2
Dallinqa, 61. Ferqyuson, 65-p. – Salemakers, 58. Dovbik, 90+8-p. (30226)
Bolonya: Skorupski, Miranda, Lukumi, Beukema, Holm (Poş, 89), Fröyler, Dominges (Aylinq, 89), Ferqyuson, Ndoy (Orsolini, 68), Odqor, Dallinqa (Kastro, 78).
Roma: Svilar, Ndika, Hummels (Çelik, 78), Mançini, Anxelinyo, Paredes (Pizilli, 78), Kone, Salemakers (Zalevski, 84), Lorentso Pelleqrini (Əl-Şaaravi, 78), Dibala (Baldantsi, 84), Dovbik.
Napoli – Verona 2:0
Montipo, 5-öz qapısına. Zambo Angissa, 61. (48750)
Napoli: Meret, Spinatsola (Matsokki, 83), Juan Jezus, Rrahmani, Di Lorentso, Maktominey (Nqonq, 77), Lobotka, Zambo Angissa, Neres (Zerbin, 90), Politano (Raspadori, 77), Lukaku (Simeone, 77).
Empoli – Leççe 1:3
Kakaçe, 47 – Morente, 6. Krstoviç, 11; 90+1. (9096)
Cenoa – Parma 1:0
Frendrup, 63. (31689)
Montsa – Fiorentina 2:1
1. Napoli 20 15 2 3 32-12 47
2. İnter 18 13 4 1 46-15 43
3. Atalanta 19 13 3 3 43-20 42
4. Latsio 20 11 3 6 34-28 36
5. Yuventus 19 7 12 0 31-16 33
6. Fiorentina 18 9 5 4 31-18 32
7. Bolonya 18 7 8 3 27-23 29
8. Milan 18 7 7 4 27-18 28
9. Udineze 20 7 5 8 23-28 26
10. Roma 20 6 6 8 28-26 24
11. Cenoa 20 5 8 7 17-27 23
12. Torino 20 5 7 8 20-25 22
13. Leççe 20 5 5 10 14-32 20
14. Empoli 20 4 8 8 19-25 20
15. Parma 20 4 7 9 25-35 19
16. Komo 19 4 7 8 21-31 19
17. Verona 20 6 1 13 24-44 19
18. Kalyari 20 4 6 10 19-33 18
19. Venetsiya 20 3 5 12 18-33 14
20. Montsa 19 1 7 11 17-27 10

Bombardirlər: Retegi (Atalanta), M.Türam (İnter) - 12, Ken (Fiorentina) - 11, Lukman (Atalanta) - 9.

Chosen
27
45
football-plus.az

10Sources