EN

Böyük Britaniyada üç uşağı öldürən yeniyetmə 52 il həbs cəzası alıb

London, 24 yanvar, AZƏRTAC

Böyük Britaniyanın Sautport şəhərində keçən il rəqs dərsində üç uşağı öldürən yeniyetmə 52 ildən çox həbs cəzasına məhkum edilib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 18 yaşlı Aksel Rudakubana uşaqları kütləvi şəkildə öldürməyə çalışdığını etiraf edib.

Hakim Culian Quz qeyd edib ki, hadisə baş verdiyi zaman A.Rudakubana yetkinlik yaşına çatmadığı üçün ona ömürlük həbs cəzası verilməyib. Lakin o, azadlığa buraxılma hüququ olmadan ən azı 52 il həbsdə qalmalıdır və böyük ehtimalla ömrünün sonuna qədər azadlığa buraxılmayacaq.

A.Rudakubana keçən ilin iyul ayında 17 yaşında olduğu zaman Southport sahil şəhərində 6 yaşlı Bebe Kinq, 7 yaşlı Elsi Stankombe və 9 yaşlı Alis da Silva Aquiar adlı üç qızı öldürüb. Hücum zamanı daha səkkiz uşaq və iki böyük şəxs yaralanıb.

A. Rudakubana öz günahını etiraf edib və 10 qəsdən adam öldürmə cəhdi, zəhərli maddə olan risin istehsalı və “Əl-Qaidə” təlim manualına sahib olmaq ittihamlarını qəbul edib.

Prokurorun sözlərinə görə, onun hər hansı siyasi və ya dini motivi olmayıb, lakin onun zorakılığa, qətllərə və soyqırıma uzunmüddətli bir marağı olub. Məhkəmə zamanı Aksel Rudakubana davranış problemlərinə görə zaldan çıxarılıb və hökm oxunduğu zaman məhkəmədə iştirak etməyib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Chosen
35
50
azertag.az

10Sources