EN

"Əkinçi" ölür, "ƏkinSİ" doğulur! - MÜZAKİRƏ ÜÇÜN

Biz hamımız “Əkinçi”yik.

150 illik ömrün içindəki imzalarıq.

Hər birimizin 150 yaşı var.

Düşüncə, missiya, görəv olaraq bir tarixi dövrün guşə yazarlarıyıq.

Sizə iki xəbərim var, əziz dostlar, biri yaxşı, biri pis!

Yaxşı xəbər budur ki, Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibəti ilə yubiley medalı təsis olunur.

Əla təşəbbüsdür, təqdir edirəm!

Belə bir əlamətdar tarixi hadisəni dövlətin diqqətində və ictimai yaddaşda saxlamaq, yüksək səviyyəli tədbirlərlə qeyd etmək, zəhmətə, fədakarlığa, peşəkarlığa dəyər vermək olduqca gözəl fikirdir.

Zənnimcə, bu yubiley medalı, çox böyük ehtimalla həm də bir dönəmin finalı olacaq. Pis xəbər də elə budur: Biz ölürük!

Əkinçi nəsli ölür!

ƏkinSİ nəsli doğulur!

50 il sonra, yəni "Əkinçi"nin işıq üzü görməsinin 200-cü ilində "mətbuat" sözü, jurnalist peşəsi arxaik ifadələrə çevriləcək.

Kitablardan oxumuş olarsınız, orta çağlarda carçılar vardı, bazarda, meydanlarda möhkəm səslə çığıraraq həvadisləri xalqa təbliğ edərdilər. Eynilə onlar kimi günümüzün xəbər ötürücüləri də tarixə qovuşur. Çünki infrostruktur kökündən dəyişir. Elmi-texniki tərəqqi yeni bir dünya yaradır.

Bu sahədə bir neçə əsas tendensiya var.

Birincisi, kvant bilgisayarları və interneti gəlir.

İkincisi, o gün ABŞ prezidenti Donald Trampın ağzından eşitdiniz, Süni İntellektə 500 milyard yatırım qoyulur və bu hələ başlanğıc rəqəmdir.

Üstəlik, bu, o deməkdir ki, yaxın 4 il ərzində Super Süni İntellekt, yəni insan zəkasının çox-çox üstündə düşünən və hərəkət edən texno-bəradərlərimiz olacaq.

Fəlsəfə, elm, hüquq, iqtisadiyyat və digər sahələr kimi jurnalistika da yeni reallıq qarşısında qalmağa məhkumdur.

Bütün dövlət qurumları, ictimai-siyasi təşkilatlar, şirkətlər cəmiyyətə öz məlumatlarını yeni texnologiyalarla və birbaşa, vasitəçisiz çatdıracaqlar. Kütləvi informasiya VASİTƏÇİlərinə gərək duymadan!

İnformasiyanın toplanması, saxlanması, ötürülməsi, istehsalı və istehlakı tamam fərqli alətlərlə gerçəkləşəcək.

İnsanlığın tarix boyu qazandığı bütün bilik və təcrübə dünyanın cəmi bir yerində, bəlkə də heç Yerdə də yox, Ayda, Marsda, amma çox dar bir təbəqənin- ABŞ-dakı texno-oliqarxiyanın əlində toplanacaq.

Qalan hər kəs istəsə də, istəməsə də digital koloniyaya təbəəlik edəcək.

Bizim Azərbaycan olaraq bu nəhəng və qaçılmaz prosesə təsir göstərməyə elə bir imkanımlz yoxdur. Özümüzü aldatmayaq. “Meta”, “Amazon”, “SpaceX” kimi şirkətlərin bu işə qoyduğu ilkin sərmayə ölkəmizin 50 illik büdcəsidir. Yeməsək, içməsək, özümüzü dondurub 50 il sonraya saxlasaq, yenə də arada 50 illik bir zaman fərqi var.

Chosen
35
50
aznews.az

10Sources