Rusiyada AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı aparılan araşdırma hava gəmisinin “Pantsir S-1” hava hücumundan müdafiə vasitəsi tərəfindən vurulmasını təsdiq edib.
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Caliber” yayıb.
Bildirilib ki, sözügedən hava hücumundan müdafiə vasitəsi Rusiyaya Suriyadan gətirilib.
Həmçinin qeyd olunub ki, Rusiya təhqiqatı Azərbaycan təyyarəsinə qarşı radioelektron mübarizə sistemlərinin tətbiqini təsdiqləyib. Sözügedən sistemlərin tətbiqi təyyarənin idarəetmə sisteminin sıradan çıxması ilə nəticələnib.
“Rusiyada aparılan istintaq təkcə mülki təyyarəyə atəş açan şəxsi deyil, həm də bu əmri verəni müəyyənləşdirib. Üstəlik, redaksiyamıza artıq bu şəxslərin adları və rütbələri bəllidir, biz bu məlumatı lazım olan vaxtda mütləq oxucularla paylaşacağıq.
Hələ ki biz Kreml rəsmilərinə müraciət edirik: “Əmin olun, faciəyə birbaşa cavabdeh olan şəxslərin adları və rütbələrini artıq bilirik. Əlbəttə ki, siz faktiki olaraq cinayətin ortaqlarına çevrilərək həqiqəti gizlətmək xəttini davam etdirə bilərsiniz. Yaxud da prosesi gecikdirmədən şərəfli iş görüb faciəyə görə məsuliyyəti öz üzərinizə götürə bilərsiniz.
Çünki siz hazırda özünüzü ədalətsiz, açıq-aydın biabırçı aparırsınız. Sizin başqalarını günahlandırmaq, Malayziyanın “Boinq” və yaxud Cənubi Koreya təyyarəsi ilə olduğu kimi onlarla alternativ versiya yaratmaq istəyinizi anlayırıq. Lakin Azərbaycan Rusiya ilə münasibətlərdə heç vaxt bu cür davranmayıb. Hətta 2020-ci ilin noyabrın 9-da Azərbaycan hərbçiləri tərəfindən vurulan hərbi helikopterinizlə bağlı vəziyyətdə… Xatırladaq ki, həmin helikopter aşağı hündürlükdə, söndürülmüş transponderlərlə sərhədin Naxçıvan hissəsinə doğru irəliləyən erməni kolonunu müşayiət edirdi. Prezident İlham Əliyev o zaman bunun qanuni hərbi hədəf olduğunu deyə bilərdi və o, bunda tamamilə haqlı olardı, lakin o, kişi kimi davrandı: O üzr istədi, helikopterin dəyəri ödənildi, həlak olanların ailələrinə təzminat ödənildi”, – deyə portalın məlumatında qeyd olunub.