Tramp Baş nazirdən Qrendlandiyanı qaytarmağı tələb edib
ABŞ prezidenti Donald Tramp və Danimarkanın baş naziri Mette Frederiksen arasında keçən həftə Qrenlandiya ilə bağlı telefon danışığı tərəflər arasında köklü fikir ayrılıqlarının olduğunu ortaya çıxarıb.
AzPost bildirir ki, bu barədə “Financial Times” (FT) etibarlı mənbələrə istinadən xəbər verir.
Qəzet yazır ki, söhbətlə bağlı məlumat verən beş hazırkı və keçmiş Avropa rəsmisi söhbətin çox pis keçdiyini bildirib.
Nəşrin mənbələrinə görə, Tramp israrla Qrenlandiyanın ABŞ-a birləşdirilməsinə ciddi yanaşdığını bildirib. Söhbətdən əvvəl Avropanın bir çox rəsmiləri Trampın Qrenlandiya ilə bağlı açıqlamalarının taktiki addım olduğuna inanırdılar. Lakin Trampla Frederiksen arasında söhbət fərqli təəssürat yaradıb.
“O, qətiyyətli idi. Bu, soyuq duş effekti oldu. Bundan əvvəl Trampı ciddi qəbul etmək çətin idi. Amma düşünürəm ki, bu, ciddi və potensial olaraq çox təhlükəlidir”, – mənbələrdən biri deyib.
“Niyyətlər çox aydın idi. Amerikalılar Qrenlandiyanı istəyirlər. Danimarkalılar indi böhran rejimindədir. Danimarkalılar son dərəcə şokdadırlar”, – başqa bir mənbə əlavə edib.
Danimarka baş nazirinin ofisi isə anonim mənbələrin söhbətin şərhini qəbul etmədiyini bildirib.
Danimarka tərəfinin məlumatına görə, Frederiksen keçən həftə Trampa telefon danışığında deyib ki, Qrenlandiya xalqı öz gələcəklərinə qərar verəcək və Kopenhagen Arktikada təhlükəsizliyi gücləndirmək üçün daha çox işlər görmək istəyir. Bununla belə, FT xatırladır ki, söhbətdən sonra o, Danimarka şirkətlərinin rəhbərlərini Trampın təhdidlərini, o cümlədən Danimarkaya tariflərin tətbiqini müzakirə etmək üçün toplantı çağırıb.