EN

“Traktor”un uğurlu seriyasını İsmail Kartalın “Persepolis”i qırdı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2024/2025 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 17-ci tur çərçivəsində “Persepolis” komandası ilə qarşılaşıb.

Xorvatiyalı Draqan Skoçiçin çalışdırdığı kollektiv bu rəqiblə səfərdə üz-üzə gəlib. “Traktorçular” bu oyunda 2 cavabsız qola üzülüblər – 0:2. Təbrizlilər 11 və 73-cü dəqiqələrdə buraxdıqları topların əvəzini çıxa bilməyiblər.

“Traktor” hazırda 17 oyuna topladığı 35 xalla 16 iştirakçı arasında ikinci pillədə qərarlaşıb. Hesabat turunu qələbə ilə başa vurmuş “Sepahan” isə 38 xalla vahid liderliyə yüksəlib.

Qeyd edək ki, Cənubi Azərbaycan təmsilçisi 17 oyunda 11 qələbə qazanıb, 2 heç-heçə edib, 4 məğlubiyyətə üzülüb. Təbriz klubu çempionatdakı növbəti matçını fevralın 1-də doğma meydanda “Havadar” komandasına qarşı keçirəcək.

Sonda onu da qeyd edək ki, “Persepolis” komandasına türkiyəli futbol mütəxəssisi İsmail Kartal rəhbərlik edir. O, bu komandaya bir neçə gün öncə baş məşqçi təyin edilmişdi. “Persepolis” Kartalın debüt matçında məhz Cənubi Azərbaycan nəhəngi ilə qarşılaşıb və qələbə qazanıb.

İsmail Kartalın sonuncu iş yeri “Fənərbağça” olub. 63 yaşlı mütəxəssis karyerası ərzində “Karabükspor”, “Sivasspor”, “Mardinspor”, “Altay”, “Malatyaspor”, “Orduspor”, “Konya Şeker”, “Əskişəhərspor”, “Qaziantepspor”, “Ankaragücü”, “Rizəspor”, “Konyaspor” kimi komandalara da rəhbərlik edib.

Chosen
40
50
arena.az

10Sources