Bakı, 27 yanvar, AZƏRTAC
Davos İqtisadi Forumu dünya iqtisadiyyatının mövcud problemlərini və perspektivlərini müzakirə etmək, ümumi strategiyalar hazırlamaq məqsədilə yaradılıb. Bununla yanaşı, Forumun imkanları inkişaf etdirilib və bu gün bu tədbir həm də beynəlxalq münasibətlərə ciddi təsir göstərən siyasi mövzuların müzakirə olunduğu bir platformaya çevrilib. Qlobal iqtisadi böhrana səbəb olan siyasi münaqişələrin həlli, rəqabət aparan iqtisadi güc mərkəzləri arasında dialoqun yaradılması və digər mühüm siyasi təşəbbüslər məhz bu platforma müstəvisində müzakirə edilir. Bu baxımdan çoxsaylı qlobal və regional layihələrin müəllifləri sırasında dayanan Azərbaycanın Davosda keçirilən Dünya İqtisadi Forumunda iştirakı bir çox dairələrin diqqətini cəlb edib.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.
Onun sözlərinə görə, Davos Forumunda iştirak edən Prezident İlham Əliyevlə müzakirələrin aparılması üçün qarşı tərəfdən çoxsaylı müraciətlərin olunması onu deməyə əsas yaradır ki, Azərbaycanın və onun Liderinin beynəlxalq nüfuzu kifayət qədər yüksəlib. İndi dövlətimiz iqtisadi xarakterli qlobal layihələrin iştirakçısı olmaqla yanaşı, həm də qlobal siyasi güc mərkəzləri arasında münasibətlərin tənzimlənməsinə təsir göstərməyə qadir aktor kimi qəbul edilir. Siyasi münaqişə və mübahisə halında olan, eyni zamanda, fərqli qlobal güc mərkəzlərini təmsil edən dövlətlərin təmsilçilərinin Prezident İlham Əliyevlə görüş üçün müraciət etmələri diqqət çəkir. Bu kontekstdə yanaşsaq, İraq Prezidenti Əbdüllətif Camal Rəşidin, İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin, Ukrayna prezidenti Volodimir Zelenskinin, Almaniya Kansleri Olaf Şoltsun, İsrail Prezidenti İsxak Hersoqun və digər şəxslərin Davos Forumu çərçivəsində Prezident İlham Əliyevlə görüş üçün təşəbbüs göstərmələri təsadüfi görünmür.
“Əlamətdar haldır ki, Prezident İlham Əliyev Davos Forumunda mütəmadi şəkildə iştirak edir. Dövlətimizin başçısı burada xarici dövlət və hökumət başçıları ilə yanaşı, həm də tanınmış biznes və maliyyə mərkəzlərinin təmsilçiləri ilə görüşlər keçirdi. Bu görüşlər Azərbaycanın xarici siyasətinin, iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, o cümlədən xarici sərmayələrin ölkəmizə cəlb olunması baxımından mühüm əhəmiyyət daşıyır. Forumun builki sammiti çərçivəsində keçirilən görüşlər də bu baxımdan diqqət çəkir. “Carlsberg Group”, həmçinin “DP World” şirkətlər qrupu kimi nəhəng investorlarla aparılan danışıqlar ölkəmizdə yeni layihələrin reallaşdırılması üçün imkanlar yaradır”, - deyə M.Ələsgərli vurğulayıb.
Ekspert əlavə edib ki, Azərbaycanın Davos İqtisadi Forumunda iştirakı və bu çərçivədə əldə etdiyi nəticələr dövlətimizin həm iqtisadi gücünün, həm də siyasi çəkisinin artdığını, onun beynəlxalq mərkəzlər üçün cəlbedici ölkəyə çevrildiyini bir daha sübut edir.