Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında bildirib ki, ölkəsi Azərbaycandan təbii qazın Avropaya tranzitinə hazırdır və razılıq əldə olunarsa, müqavilə tezliklə imzalana bilər.
Bəs, Ukrayna ilə Azərbaycanın arasında belə bir razılaşma mümkündür?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Tunas Bakupost.az- a açıqlamasında bildirib ki, Zelenskinin bəyanatı Moldova Prezidenti Maya Sandu ilə görüşündə Ukraynanın qaz nəql etmə sistemini Rusiyadan alternativ yanacaq ötürülməsi baxımından müzakirə etməyə yönəlib:
“Reallıqda bəllidir ki, qaz nəqli nə Qazaxıstandan, nə Türkmənistandan, nə Azərbaycandan mümkündür. Ancaq Rusiyanın ərazisindən keçməklə Ukraynaya qaz nəql etmək olar. Bunun baş tutması üçün isə ilk növbədə Rusiya və Ukrayna arasında heç olmasa, siyasi bir razılaşmaya gedilməlidir. Ötən il nəyə görə alınmadı? Çünki Ukrayna və Rusiya şirkətləri 2 raund danışıq keçirdilər və heç bir qarşılıqlı anlaşma əldə etmədiklərindən bu məsələ havadan asılı qaldı”.
İlham Şabanın sözlərinə görə, Zelenskinin bu açıqlamasını siyasi bəyanat kimi qəbul etmək olar:
“Trampın 100 gündə Rusiya-Ukrayna müharibəsini başa çatdırmaq planı var. Ondan sonra necə olacaq, tərəflər arasında hansı iqtisadi əlaqələr bərpa ediləcəkmi, bu, qaranlıqdır. Zelenskinin açıqlamasını sırf siyasi bəyanat kimi qəbul etmək olar”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, Azərbaycanın Ukrayna sərhədinə heç bir infrastrukturu yoxdur və belə bir infrastruktur olsa belə, qazın yalnız Rusiya ərazisindən keçərək Ukraynaya çatdırılması mümkündür:
“Azərbaycanın sərbəst qaz ehtiyatları da yoxdur ki, növbəti marşrut üzrə qaz ixrac etsin. Çünki Azərbaycanın artıq uzunmüddətli və çox yaxşı bağladığı müqavilələr var. İtaliya ilə, Macarıstanla, Yunanıstanla, hələ mən heç Türkiyə və Gürcüstanı demirəm, onlarla tamamilə ayrı bir müqavilə öhdəliklərimiz mövcuddur. Və necə deyərlər, Azərbaycanın qazını satmasında bir problemi yoxdur. Əlavə bazarlara da ehtiyac duymur".
Ekspertin fikrincə, Macarıstanın təklif etdiyi variant, Ukrayna ərazisindən keçən qazın rəsmi olaraq Azərbaycan qazı kimi göstərilməsini nəzərdə tutur:
“Mənə elə gəlir, burda Macarıstanın təklif etdiyi bir variant var ki, söhbət ondan gedir. Bu variant ondan ibarətdir ki, əgər Ukrayna rus qazını öz ərazisindən buraxmaq istəmirsə, Azərbaycanla Macarıstan birgə müəssisə yarada bilər, Slovakiya da orda iştirak etmək istəyir. Və bu müəssisə rus qazını Rusiya ərazisindən alıb, artıq Azərbaycan qazı kimi Ukrayna ərazisindən Avropaya ixrac edə bilərtməsi mümkündür. Yəni faktiki olaraq qaz Rusiya qazı olur, amma sənədlərdə artıq bu, Azərbaycan qazı kimi göstərilir".
Ekspertin sözlərinə görə, bu variant bir neçə il əvvəl Orban tərəfindən təklif olunub və əgər Avropa və Rusiya razılaşsaa, Azərbaycan tərəfi bu prosesdə maraqlı ola bilər:
“Yəni bu, mümkündür. Azərbaycan tərəfi bu prosesdə öz maraqları çərçivəsində iştirak edə bilər. Əgər Ukrayna buna razıdırsa, Azərbaycan, Macarıstan və Slovakiya Rusiya ilə bir anlaşma imzalaya bilər. Bundan başqa bir variant görmürəm".
Lalə Novruz, BakuPost