EN

Rasim İldırmzadənin məhkəməsi təxirə salındı

Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu dairə seçki komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Rasim ildırımzadənin vəkili iştirak etməyib. Vəkil iclasının təxirə salınmasını xahiş edib.

Bundan başqa, məhkəməyə daxil olan məlumatda qeyd olunub ki, zərərçəkmiş açıq ürək əməliyyatı keçirib. Buna görə də prosesdə iştirak edə bilməyib .

Buna görə də prosesin təxirə salınması istənilib.

Bu səbəbdən proses fevralın 25-dək təxirə salınıb.

Qeyd edək ki, sonuncu iclasda zərərçəkmiş Qurban Piriyevin dindirilməsi ilə bağlı qərar qəbul edilmişdir.

İstintaq sənədlərinə görə, Rasim İldırımzadə həbsindən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə, ondan başqa Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıblar, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.

Onların əməlindən ziyan çəkən iş adamı Piriyev Qurban Zeynəddin oğludur. Qurban əvvəllər dövlət orqanlarında müxtəlif vəzifələrdə işləyib. Onu aldadan şəxslərlə tanış edən isə tanışı - Balakən rayon sakini Hürü Əmiraslanovadır.
Hürü Əmiraslanova özü də bu işə görə cinayət məsuliyyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

İttihama görə, təqsirləndirilən şəxslər Qurban Piriyevi Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağı vədi ilə aldadıblar. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzadədir. O, qurduğu planla zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib, onun bütün məsələləri həll edəcəyini deyib. Zaur Mirzəzadəni isə sözügedən yerdə guya Nihat adlı mötəbər vəzifədə çalışan şəxs kimi təqdim edib.

İşi düzüb-qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı keçmək üçün Rasim İldırımzadənin adamlarına bir neçə dəfəyə 510 min manat pul, 34 min manatlıq qızıl-zinət əşyaları verib.

Sonradan aldanıldığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544 min manat ziyanın 85 min manatı Rasim İldırımzadə, 20 min manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən geri qaytarılıb.
Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Amrahbank”ın təsisçisi Yunus İldırımzadədir.


Müəllif: Hacı Zeynalov
Chosen
4
teleqraf.com

1Sources