“Futbol+”in daimi eksperti Fariz Yusifov onun qərarlarını belə dəyərləndirdi:
“Hava şəraitinin soyuq olmasına baxmayaraq, azarkeşlər də imkan daxilində stadionda idi. “Qarabağ” oyuna çox yaxşı başladı. İlk dəqiqədə qol vurmaq komanda üçün psixoloji cəhətdən üstünlükdü. Rəqibi də fikirləşmək lazımdı. FKSB Rumıniya çempionudu. Avropada Rumıniya klublarını döyüşkən görmüşük. Bu oyunda da bunu hiss etdim. Oyunboyu müəyyən sərtlik də var idi. Yarımmüdafiəçilərimizə qarşı sərt davranırdılar. Yəqin oyunu oxumuşdular ki, komandanın ürəyi kimlərdi. Rəqibdə ucaboy futbolçular çox idi. Bu da öz özünü artıq 7-ci dəqiqədə göstərdi. Standart vəziyyətlər ən yaralı yerimizdi. Hesab bərabərləşəndən sonra da “Qarabağ” oyununu itirmək istəmədi. Ümumən komandalardan çox danışmaq istəmirəm, bir-birindən ehtiyatlanırdılar. Hakim obyektiv və ədalətli olmağa çalışırdı. Qapımıza təyin olunan penalti epizodunda gördük. Yaxşı ki, həmin epizodda referi VAR-a dəvət olundu. Epizoda bir dəfə baxan kimi bildim ki, burda penaltidən söhbət gedə bilməz. Medinanın hərəkəti oyunçuya yox, topa qarşı idi. Buna baxmayaraq, oyunçu ilə təmasa girdi. Hətta rəqibin ayağı Medinanın ayağının üstünə toxundu. Burda lazım olsa, əks tərəfin qaydanı pozduğunu deyə bilərdi. Əsas odu ki, penalti ləğv olundu. Yan xətt hakimləri ilə də əlaqəsi yaxşı idi. Standart və oyundankənar vəziyyətlərdə ciddi nöqsanlar olmadı. Hakim meydanda gözə dəyməməyə çalışırdı, epizodlara və topa çox yaxın olurdu. Bu da müəyyən mənada kənardan xoş görünmür. İki oyunçu arasında top uğrunda mübarizə zamanı 12-13 metrdən uzaq olmamaq şərti ilə epizodu seyr etmək lazımdı. Hakimin oyunu “oxumaq” qabiliyyəti zəif idi. Epizodlara çox yaxın olurdu. Davranışı və hərəkətləri yaxşı idi. İntizam sanksiyalarında da mən elə ciddi nöqsan görmədim. Qaydalara uyğun şəkildə sarı vərəqələr göstərdi, şifahi xəbərdarlıq etdi, lazımi vaxtda və lazımi yerdə komandaları cəzalandırdı. Ümumilikdə oyunun axarını pozmadı. Təəssüf ki, “Qarabağ” qalib gələ bilmədi. Bəlkə də artıq müəyyən oyunçulara ehtiyac var”.
ƏSƏD SEYİDOV