Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) Yaponiyanın nüfuzlu şirkətləri ilə sığorta sahəsində əməkdaşlığa başlayır.

İndex.az ASA-ya istinadən xəbər verir ki, ASA-nın təşəbbüsü və təşkilatçılığı ilə həyat və qeyri-həyat sığorta şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti Yaponiyanın Tokio şəhərində səfərdə olublar. Səfərin başlıca məqsədi Yaponiyanın qabaqcıl sığorta şirkətlərində tətbiq olunan innovativ texnologiyalar, rəqəmsallaşma həlləri və süni intellektin sığorta sahəsindəki tətbiqlərini öyrənməkdən ibarət olub.

Səfər çərçivəsində yerli nümayəndə heyəti “Ichinen Holdings Ltd”, “PricewaterhouseCoopers (PwC)”, “Aioi Nissay Dowa Insurance Co., Ltd”, “SOMPO Holdings Inc.”, “Dai-ichi Life Insurance Company” və “The TOA Reinsurance Company” kimi nüfuzlu şirkətlər ilə görüşlər keçirib. Görüşlərdə yerli sığortaçılar Yaponiyanın sığorta sahəsindəki qabaqcıl təcrübəsi ilə yaxından tanış olub, gələcək əməkdaşlıqlar üçün əhəmiyyətli müzakirələr aparıblar.

Səfər çərçivəsində, ASA-nın da üzv olduğu Sığorta Assosiasiyalarının Qlobal Federasiyasının (GFIA) İdarə Heyətinin üzvü olan Yaponiya Həyat Sığorta Şirkətləri Assosiasiyasının rəhbəri Toyonari Sasaki və Assosiasiya üzvləri ilə də işgüzar görüş keçirilib, ikitərəfli münasibətlərin inkişaf perspektivləri geniş müzakirə olunub.