EN

Təcili tibbi yardım niyə gecikir? -

Son vaxtlar xəstəliklərin çoxalması səbəbilə təcili yardıma müraciət edənlərin sayı artıb. Ancaq vətəndaşların əksəriyyəti bildirir ki, zəngimizin üstündən 40-45 dəqiqə keçməsinə baxmayaraq, təcili yardım gəlmir. Yenidən zəng etdikdə isə operator hələ təcili yardımın təyin olunmadığını bildirir. Bir sözlə, adı təcili yardım olsa da, xidmət qeyd olunan ünvana 1 saatdan tez çatmır. Buna səbəb isə həkim çatışmazlığı göstərilir. Doğrudanmı, ambulansların gecikməsinə səbəb həkim çatışmazlığıdır?Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Metbuat.az-ın sorğusunu cavablandırıb.Qurumdan bildirilib ki, təcili tibbi yardım xidməti - xüsusi hazırlıq keçən mütəxəssislərdən ibarət və müasir tibb avadanlıqlarla təchiz olunmuş, əhaliyə xəstəxanayaqədər mərhələdə (hadisə yerində və təxliyə zamanı), tibb müəssisələrində təcili və təxirəsalınmaz tibbi yardım göstərən şəbəkədir:“Əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətinin, əlçatanlığının və operativ göstərilməsinin təmin olunması, habelə tibb işçilərinin maddi rifahının yüksəldilməsi istiqamətində davamlı tədbirlər həyata keçirilir. Mütəmadi olaraq ambulans parkı genişləndirilir və briqadaların sayı artırılır. Bakı şəhəri üzrə gündəlik olaraq 120-130 civarında ambulans xəttə buraxılır. Əlamətdar günlərdə, beynəlxalq və yerli genişmiqyaslı tədbirlər zamanı bu say 150-dək artırılır. Bundan əlavə, təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının yerləşməsinə yenidən baxılır və əlavə məntəqələrin təşkil olunması nəzərdən keçirilir. Təcili və təxirəsalınmaz tibbi yardım sisteminin müasir texnologiyaların tətbiqi ilə yenidən qurulması istiqamətində yeni proqram təminatı hazırlanır”.Həmçinin qeyd olunub ki, gün ərzində icra olunan çağırışların sayı 2 000 - 2 500 civarında olur:“Onların arasında kifayət qədər sayda əsassız çağırışlar (təxminən 10 - 15 faiz) da qeydə alınır. Bu tip çağırışlar təcili tibbi yardıma aidiyyəti olmayan müraciətlər olur. Son zamanlar kifayət sayda nəticəsiz çağırışlar da müşahidə edilir. Yeni yaşayış məntəqələrinin salınması, ünvansız yaşayış məskənlərinin olması, nəqliyyat vasitələrinin sıxlığı ilə müşahidə olunan tıxaclar, yol hərəkəti iştirakçılarının ambulanslara yol verməməsi, çağırışların həddindən çox olması ilə müşahidə edilən hallarda gecikmələrin olması qaçılmazdır. Bundan əlavə qeyd etməliyik ki, ölkə üzrə ixtisaslı həkim kadrların çatışmazlığı da müşahidə olunur”.Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Pərvanə Vəliyeva da açıqlamasında söyləyib ki, ölkəmizdə səhiyyə sistemdə insan resursları, yəni, kadr çatışmazlığı mövcuddur:“Bu çatışmazlıq əsasən regionlarda özünü daha qabarıq biruzə verir. Buna səbəb kimi regionlarda, kəndlərdə çalışmağın tibb işçiləri tərəfindən perspektivli görülməməsi, onların daha çox iri şəhərlərdə çalışmağa üstünlük verməsi, son illərdə tibb sahəsində beyin köçü və s. kimi amilləri göstərmək olar”. Millət vəkilinin sözlərinə görə, Təcili və Təxirəsalınmaz Tibbi yardım (TTTY) xidmətində çalışan həkimlərin əmək haqlarının az olması, lakin görülən işin həm riskli, həm də böyük məsuliyyət tələb etməsi tibb kadrları tərəfindən bu sahəyə marağın olmamasına gətirib çıxarıb:“Nəticədə sahə üzrə çalışan tibb heyətinin sayında azalma yaranıb. Üstəlik TTTY stansiyalarına daxil olan əsassız müraciətlərin sayı da artdığına görə müraciətlərin ətraflı araşdırılması müəyyən vaxt ala bilər. Digər bir faktor isə mövsümi xəstəliklərin yayılması zamanı çağırışların çox olmasıdır. Çağırışların intensivliyinin artması və tələbata uyğun sayda mütəxəssis olmaması səbəbindən çağırışa çatma müddəti uzana bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
9
metbuat.az

1Sources