EN

“Baku Steel Company” də “2024-cü ilin ən yaxşı tərəfdaşı”dır

Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi “Baku Steel Company” QSC-nin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Ekoloji layihələrə davamlı dəstək verən şirkətin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mükafatına layiq görülməsi də bunun  bariz  ifadəsidir.

Nazirliyin 2024-cü ildə ekoloji məsələlərin həllinə öz töhfələrini verən təşkilatları mükafatlandırdığı tədbirdə “Baku Steel Company”  “Yaşıl gələcək” platforması ilə keçirilən ağacəkmə aksiyalarında ən yaxşı tərəfdaş” nominasiyasının qalibi olub. Mükafatı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təqdim edib. 

Qeyd edək ki, sözügedən şirkət 2024-cü ildə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) tədbirləri çərçivəsində Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 2 hektar ərazidə 1250 ədəd Azərbaycanın “Qırmızı Kitab”ına daxil olan Eldar şamı, eləcə də zeytun ağacı, Sumqayıt Kimya Sənaye Parkının ərazisində isə 500 ədəd şəmşir ağacı əkib.  

Şirkət əvvəlki illərdə də yaşıllıqların salınması ilə bərabər, digər ekoloji yönümlü layihələr həyata keçirib. Buna misal olaraq, COP29 ərəfəsində “Baku Steel Company” “QGallery” bədii qalereyası ilə birlikdə “Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumu təşkil edib. Simpoziumun keçirilməsində məqsəd incəsənət və metallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirmək idi. “Baku Steel Art 2024” simpoziumunun nəticəsi olaraq, 7 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan) 12 rəssamın iştirakı ilə şirkətin istehsal etdiyi məhsullardan və metal qırıntılarından hazırlanan incəsənət əsərlərinin sərgisi təşkil olunmuşdu.

“Baku Steel Company”  ekoloji məsuliyyət sahəsində həyata keçirdiyi layihələrlə yanaşı, bərpa olunan enerji təşəbbüslərinə də mühüm töhfə verir. Belə ki, COP29 çərçivəsində şirkət və “Clean Energy Cəbrayıl” MMC günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalayıb. Anlaşmaya əsasən, Cəbrayılın Soltanlı kəndində hər biri 50 MVt olan Şəms və Üfüq günəş enerjisi stansiyaları tikiləcək. “Clean Energy Cəbrayıl” MMC mövcud elektrik şəbəkəsi vasitəsilə şirkətin istehsalat sahələrini bərpa olunan enerji ilə təchiz edəcək. Bu tərəfdaşlıq ölkəmizin “yaşıl” enerjiyə keçidini sürətləndirməyə öz töhfəsini verəcək.

“Baku Steel Company”   nəinki ekoloji məsələlərə həssaslıqla yanaşır, eyni zamanda, istehsalat proseslərinin əksəriyyətini rəqəmsallaşdıraraq daha dayanıqlı, səmərəli və təhlükəsiz həllərlə Azərbaycan iqtisadiyyatında metallurgiya sənayesinin inkişafına dəstək olmağı hədəfləyir.

Chosen
12
6
xalqqazeti.az

7Sources