EN

Paşinyanın xilası xəyali “Sülh kəsişməsi”ni piar etməklə yox, real Zəngəzur dəhlizinə “yaşıl işıq” yandırmaqla mümkündür

Zəngəzur dəhlizinin açılması məsələsi Azərbaycan üçün aktuallığını saxlayır. Bunu Prezident İlham Əliyevin yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlərdən də görmək mümkündür. Belə ki, Zəngəzur dəhlizi layihəsinin Azərbaycan tərəfindən irəli sürüldüyünü qeyd edən dövlətimizin başçısı 44 günlük İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələnin məhz Azərbaycan tərəfindən beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındığını bildirdi: “Bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”.

Bununla yanaşı, Azərbaycan Prezidenti qarşı tərəfin – Ermənistanın hazırkı rəhbərliyinin dörd ildən çoxdur ki, Zəngəzur dəhlizinin açılması məsələsi ilə bağlı qeyri-konstruktiv mövqe sərgilədiyini də diqqətə çatdırdı: “Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur”.

Gördüyümüz kimi dövlət başçımız rəsmi İrəvanın 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini növbəti dəfə gündəmə gətirib. Azərbaycan sözügedən Üçtərəfli Bəyanatın əvvəlki maddələrinin Ermənistan tərəfindən yerinə yetirilməsini faktiki olaraq güc yoluyla təmin edib. Biz havadarlarının təhriki ilə Üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini icra etməkdən boyun qaçıran Ermənistan rəhbərliyini yeni reallıqlarla hesablaşmağa və öhdəliklərini yerinə yetirməyə məcbur etmişik. Ancaq Üçtərəfli Bəyanatın 9-cu maddəsi isə hələ də yerinə yetirilməyib. Söhbət kommunikasiyaların blokdan çıxarılmasından və o cümlədən, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısının bərpasına gətirib çıxaracaq Zəngəzur dəhlizinin açılmasından gedir.

Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”. 10 noyabr Bəyanatının 9-cü bəndində də açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır.

Lakin Üçtərəfli Bəyanata imza atmış Ermənistanın baş naziri Nikol Paşinyan isə bu öhdəliyi, bu tələbi yerinə yetirmək əvəzinə, cürbəcür absurd arqument və bəhanələrlə prosesi ləngitməyə çalışır. Erməni hiyləgərliyinə sadiq qalan Nikol Paşinyan Zəngəzur dəhlizi layihəsini əngəlləmək və beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün reallaşmaq imkanı sıfıra bərabər olan qeyri-real və cəfəng layihələri ortaya ataraq, manipulyasiyalarla məşğul olur. Paşinyan “Sülh kəsişməsi” adlı “alternativ” layihə ideyasını ortaya atmaqla faktiki olaraq pozuculuqla məşğul olur. “Sülh kəsişməsi” avantüradan və xəyalpərəstlikdən başqa bir şey deyil.

Prezident İlham Əliyev də müşavirədəki çıxışında bu məqama toxunaraq “Sülh kəsişməsi” layihəsinin Azərbaycanın iştirakı olmadan gerçəkləşdirilməsinin qeyri-mümkün olduğunu bildirdi və bizsiz həmin layihənin iki qəpiklik olduğunu qeyd etdi: “Yəqin ki, siz də eşitmisiniz, dırnaqarası “Sülh kəsişməsi” layihəsini ortalığa atıb və indi dünyada bir ölkə qalmayıb ki, o ölkəyə bu layihə təqdim edilməsin. Halbuki bu dırnaqarası layihənin Azərbaycansız iki qəpiklik də qiyməti yoxdur və biz bunu dəfələrlə Ermənistan tərəfinə müxtəlif kanallar vasitəsilə çatdırmışıq. Əgər siz bu layihəni doğrudan da həyata keçirmək istəyirsinizsə, ilk növbədə, Azərbaycana müraciət etməlisiniz. Çünki bizsiz bu, sadəcə olaraq, kağız parçasıdır, bizim şərtlərimiz isə ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və Ermənistanın özünün götürdüyü öhdəliklərinə əsaslanır. Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar”.

Ermənistanın beynəlxalq ictimaiyyəti çaşdırmaq, manipulyasiya etmək cəhdlərinin səbəbi və məqsədi aydındır. Zəngəzur dəhlizinin açılmasının qatı əleyhdarı kimi çıxış edən ölkələr (ilk növbədə isə Fransa, İran, Hindistan və b.) Ermənistan rəhbərliyini inandırmağa çalışırlar ki, bu dəhlizin açılması guya Ermənistanın strateji maraqlarına ziddir. Təəssüf ki, Avropa İttifaqı (Aİ) da bu prosesdə destruktiv rol oynayır. Azərbaycana qarşı müxtəlif çirkin kampaniyaların aparılması da məhz bundan qaynaqlanır.

Ermənistan rəhbərliyi məhz ənənəvi havadarlarına arxalanaraq öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməkdən, Azərbaycandan Azərbaycana maneəsiz keçid imkanını yaratmaqdan imtina edir. Ancaq Ermənistan rəhbərliyi bununla faktiki olaraq öz xalqının mənafeyinə zərbə vurur. Bəli, Zəngəzur dəhlizi hamıdan çox məhz Ermənistanın özünə fayda verə bilər. Söhbət ilk növbədə iqtisadi dividentlərdən gedir. Lakin Paşinyanın qətiyyətsiz və ziddiyətli siyasəti Ermənistanın bundan sonra da blokada məngənəsində qalmasına səbəb olacaq. Azərbaycan Prezidentinin vurğuladığı kimi, “Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz”.

Azərbaycan Prezidentinin Ermənistanı gözləyən “dalan ölkə” perspektivi barədə açıqlaması bütün erməniləri düşündürməlidir. İlham Əliyevin Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti xəbərdarlığı Paşinyanı reallıq hissinə qaytara bilər. Paşinyanın xilası xəyali “Sülh kəsişməsi”ni piar etməklə yox, real Zəngəzur dəhlizinə “yaşıl işıq” yandırmaqla mümkündür.

Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri

Chosen
22
40
ictimairey.az

10Sources